Kriminal

Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi

20 Oct 2026, 17:34 2 baxış
Qonşunu öldürüb həyətində basdıran cütlüyə prokuror cəza istədi
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işinin məhkəmə araşdırması yekunlaşıb. Oxu.Az-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin hadisə yerində ifadələrinin alınması zamanı qeydə alınmış videogörüntülər nümayiş etdirildikdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonra prokuror dövlət ittihamının müdafiəsi zamanı Gülnar Müzəffərovanın 17 il, Qasım Xankişiyev və Elşən Muzəffərovun isə hər birinin ayrı-ayrılıqda 18 il azadlıqdan məhrum olunmasını məhkəmədən xahiş edib. Vəkillər müdafiə çıxışları üçün vaxt istəyiblər. Növbəti proses oktyabrın 27-nə təyin edilib. Qeyd edək ki, hadisə Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Səxavət İsmayılov qonşuları 1995-ci il təvəllüdlü Elşən Müzəffərov və arvadı 1997-ci il təvəllüdlü Gülnar Müzəffərova tərəfindən yaşadıqları evin həyətində boğularaq öldürülüb, meyiti isə həyətində basdırılıb. Qətli törətməkdə şübhəli bilinən sözügedən cütlük hadisədən sonra saxlanılıb. İbtidai istintaq araşdırmaları ilə cinayət işində iştirakçı kimi şübhəli bilinən daha bir nəfər - Qasım Xankişiyev də müəyyən olunaraq saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Elgün Həsənli
Mənbə oxu.az

Oxşar Xəbərlər