Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...
Vaxtilə Şimali Kipr Türk Cümhuriyyəti barədə nifrət dolu çıxışları ilə gündəmə gələn Türkiyə vətəndaşı Fəxrəddin Taşkaya Saral bu dəfə də Azərbaycanda çevriliş “arzulayır”.
Axar.az xəbər verir ki, Fəxrəddin Taşkaya 1971-ci ildə Sakaryada anadan olub, təhsil və səhiyyə sektorlarında fəaliyyət göstərən iş adamıdır. Eyni zamanda, “Çayırova Gənclərbirliyi” idman klubunun prezidentidir.
Çayırova Əsnaflar Dərnəyinin də təsisçisi olan Taşkanın üç övladı var.
O, vaxtilə Səadət Partiyasından deputatlığa namizəd olub.
F.Taşkaya şəxsi sosial media hesablarında “Kiprdəki xəyanəti ifşa edirəm” başlığı ilə paylaşdığı video ilə də gündəmə gəlmişdi.
Taşkaya həm də özünü AKP hakimiyyətinə yaxın şəxs kimi də qələmə verməyə çalışıb. O, Saral soyadından istifadə edib və Trabzonun Of ilçəsinə bağlı olduğunu bildirib.
Məsələ burasındadır ki, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral Trabzondan, Of ilçəsindəndir. Özünü Saral nəslinə calaq etməyə çalışan Fəxrəddinin cəhdləri alınmayıb. Mediada yayılan məlumata görə, Saral nəslinin nümayəndələri F.Taşkayanın onlara heç bir aidiyyətinin olmadığını bildiriblər və Taşkaya ilə bu mövzuda görüş də keçiriblər. Bu görüşdən sonra Fəxrəddin Taşkaya Saral ailəsinə bağlı olması barədə iddialarından geri çəkilib.
Ancaq Fəxrəddin Taşkayanın Türkiyə prezidentinin baş müşaviri Oqtay Saralın Azərbaycan əleyhinə açıqlamasından sonra aktivləşməsi diqqət çəkməyə bilməz.
Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu Fəxrəddin Taşkaya barəsində də cinayət işi açıb.