Dünya
Qəhvə və meyvələr qocalma prosesinə təsir edə bilər
İspaniyalı alimlər müəyyən ediblər ki, qəhvə və meyvələrdə olan bitkimənşəli birləşmələr - polifenollarla zəngin qidalanma telomerlərin qısalması riskinin azalması ilə əlaqəli ola bilər. Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Clinical Nutrition" jurnalında dərc olunub. Tədqiqatçılar 55 yaşdan yuxarı 1 665 nəfərin məlumatlarını təhlil edərək onların qidalanma xüsusiyyətlərini telomerlərin uzunluğu ilə müqayisə ediblər. Telomerlər xromosomların uclarında yerləşir və genetik məlumatın qorunmasında mühüm rol oynayır. Nəticələrə görə, ən çox polifenol qəbul edən iştirakçılarda telomerlərin qısalması riski bu maddələri ən az qəbul edənlərlə müqayisədə 49% daha aşağı olub. Polifenolların bir qrupu olan flavonoidlər üçün də oxşar əlaqə müşahidə edilib. Alimlərin diqqətini xüsusilə qəhvə və meyvə istehlakı ilə telomerlərin qısalması riskinin azalması arasındakı əlaqə çəkib. Lakin bu əlaqə yalnız 64 yaşdan kiçik iştirakçılarda müşahidə olunub. Daha yaşlı şəxslərdə isə belə bir əlaqə aşkarlanmayıb. Polifenollar antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Tədqiqatçılar hesab edirlər ki, bu maddələr hüceyrələri oksidləşdirici stresin və iltihabın zərərli təsirlərindən qorumağa kömək edə bilər. Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma yalnız statistik əlaqəni üzə çıxarıb. Qəhvə və meyvələrin birbaşa olaraq qocalmanı ləngitdiyi sübut edilməyib. Telomerlərin uzunluğuna həyat tərzi və sağlamlıqla bağlı digər amillər də təsir göstərə bilər.
Mənbə
oxu.az