Dünya
Atmosferdə karbon qazının artması çörəyin həcmini azalda bilər
Almaniyalı alimlər müəyyən ediblər ki, atmosferdə karbon qazının (CO₂) konsentrasiyasının artması buğdanın tərkibindəki zülal miqdarını azalda və çörəyin keyfiyyətini pisləşdirə bilər. Sahə təcrübəsinin nəticələrinə görə, belə buğdadan hazırlanan çörəklərin həcmi təxminən 4% az olub. Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Food Chemistry" jurnalında dərc olunub. Münhen Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Leybnits Qida Sistemləri Biologiyası İnstitutunun tədqiqatçıları 2023-cü ildə Almaniyada yetişdirilmiş 10 qışlıq buğda sortunu araşdırıblar. Bitkilərin bir hissəsi normal, digər hissəsi isə XXI əsrin ortaları üçün proqnozlaşdırılan yüksək karbon qazı konsentrasiyası şəraitində yetişdirilib. Nəticələr göstərib ki, karbon qazının konsentrasiyasının yüksək olduğu şəraitdə yetişən buğdanın ümumi zülal miqdarı təxminən 5%, tədqiq edilən 21 qlüten zülalının ümumi miqdarı isə təxminən 19% azalıb. Qlüten xəmirə elastiklik verir və onun qabarması zamanı qazı saxlamağa kömək edir. Buna görə də qlütenin tərkibindəki dəyişikliklər unun çörəkbişirmə xüsusiyyətlərinə mənfi təsir göstərə bilər. Eyni zamanda, amilaza və tripsin inhibitorları (ATI) adlanan digər zülal qrupunun miqdarı orta hesabla 6% artıb. Alimlərin sözlərinə görə, bu zülalların bəziləri buğdaya qarşı allergik reaksiyalar və çölyak xəstəliyi ilə əlaqəli olmayan həssaslıq halları ilə əlaqələndirilir. Lakin tədqiqat zamanı bu dəyişikliklərin insanlarda simptomları artırıb-artırmadığı yoxlanılmayıb. Tədqiqatçılar müəyyən ediblər ki, karbon qazının yüksək konsentrasiyasının təsiri buğda sortlarından asılı olaraq dəyişir. Bəzi sortlar bu şəraitə daha davamlı olub. Əldə edilən nəticələr iqlim dəyişikliyi şəraitində çörəkbişirmə üçün uyğun xüsusiyyətlərini qoruyan buğda sortlarının yetişdirilməsinə kömək edə bilər. Alimlər vurğulayırlar ki, araşdırma yalnız bir məkanda və bir mövsüm ərzində aparılıb. Buna görə də nəticələrin təsdiqlənməsi üçün əlavə tədqiqatlara ehtiyac var.
Mənbə
oxu.az