Cəmiyyət

Deputatlar mübahisə etdi: Bakıda bu ad niyə dəyişdirilir?

17 Oct 2026, 15:27 2 baxış
Deputatlar mübahisə etdi: Bakıda bu ad niyə dəyişdirilir?

Bakıda “Dördüncü Sovxoz” yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifi müzakirələrə səbəb olub. Deputat Fazil Mustafa bu adın müstəqil dövlətin mahiyyətinə uyğun olmadığını bildirərək dəyişdirilməsini təklif edib.


Deputat Siyavuş Novruzov isə 15 min nəfərin yaşadığı ərazinin adının dəyişdirilməsinin ciddi maliyyə və inzibati xərclər yarada biləcəyinə diqqət çəkib.


Bəs yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi zamanı tarixi və milli dəyərlərlə yanaşı, hansı meyarlar nəzərə alınmalıdır? Bu prosesin iqtisadi və praktiki tərəfləri necə qiymətləndirilməlidir?


Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova Azərbaycan qanunvericiliyində bu məsələnin hüquqi çərçivəsinin artıq müəyyən edildiyini bildirib.


“Coğrafi obyektlərin adları haqqında” Qanuna əsasən, adlar müəyyənləşdirilərkən ərazinin tarixi, coğrafi və təbii xüsusiyyətləri, ümumdövlət və ümumxalq mənafeyi, habelə yerli əhalinin rəyi nəzərə alınmalıdır. Qanunda tarixi adın bərpası və mövcud adın müəyyən tələblərə uyğun gəlməməsi də adın dəyişdirilməsi üçün əsaslar sırasındadır. Məsələn, yeni ad ərazinin keçmişini, təbii xüsusiyyətlərini, qədim toponimlərini və ya yerli mədəni irsini əks etdirə bilər. Həmçinin, asan tələffüz olunan, yazılışı aydın və ünvan sistemində istifadəyə yararlı olmalıdır. Ərazidə yaşayan insanların da rəyi mütləq öyrənilməlidir deyə düşünürəm”.


Siyavuş Novruzovun diqqət çəkdiyi məsələyə gəlincə, iqtisadçı bildirib ki, bu əhəmiyyətli nüansdır:


“Çünki ad dəyişikliyi yalnız küçə lövhəsinin yenilənməsindən ibarət deyil. Yəni proses təkcə küçə və yol nişanlarının yenilənməsi ilə məhdudlaşmır, həm də vətəndaşların, dövlət qurumlarının və özəl müəssisələrin istifadə etdiyi sənədlərə də öz təsirini göstərir. Reyestr və ünvan bazalarının, xəritələrin, rəsmi sənədlərin yenilənməsi tələb olunur.


Diqqət yetirilməli ən vacib məsələ də məhz, rəsmi sənədlərdə və elektron məlumat bazalarında ünvan məlumatlarının yenilənməsi məsələsidir. Məsələn, “Nobel” prospektinin adı “8 Noyabr” olaraq dəyişdirilib, ancaq reyestrdə yenə köhnə ad olduğu kimi qalır. Yeni nəsil şəxsiyyət vəsiqəsi aldığım zaman, şəxsən özüm irad bildirdim. Mənə dedilər ki, “öncə evin çıxarışını dəyişdirin, sonra təkrar şəxsiyyət vəsiqəsi üçün müraciət edin”. Yəni, demək istədiyim budur ki, proses ya tam lazımi qaydada aparılsın, ya da toxunulmasın”.


V.Əhmədova qeyd edib ki, məsələn, hüquqi sənədin dəyişdirilməsi zəruridirsə, onun hansı sənədlərə aid olduğu, avtomatik yenilənmənin mümkünlüyü və vətəndaşın əlavə xərc çəkməsinin qarşısının necə alınacağı əvvəlcədən müəyyən edilməlidir:


“Ən azından, daşınmaz əmlak sənədləri, şəxsiyyət vəsiqələri və digər şəxsi sənədlər zamanla dəyişdirilə bilər. Ünvan dəyişikliyinin yaratdığı əlavə inzibati və maliyyə yükünü isə vətəndaşların üzərinə avtomatik qoymaq olmaz”.

Mənbə axar.az

Oxşar Xəbərlər