Cəmiyyət

İllər sonra boşanma qərarı: Xarici seriallar uzunömürlü ailələrin dağılmasına səbəb olur? - Foto

16 Oct 2026, 21:02 2 baxış
İllər sonra boşanma qərarı: Xarici seriallar uzunömürlü ailələrin dağılmasına səbəb olur? - Foto
2025-ci ildə Azərbaycanda 20 675 boşanma qeydə alınıb. Onlardan 10 035-i 10 il və daha çox müddətdə evli qalan cütlüklər arasında baş tutub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat yer alıb. Boşanmaların böyük qisminin illərlə davam etmiş ailələrin payına düşməsi suallar doğurur. Maraqlıdır ki, uzun müddət ailə münasibətini qoruyub saxlayan cütlükləri illər sonra bu qərarı verməyə hansı səbəblər məcbur edir? Oxu.Az mövzu ilə bağlı tanınmış vəkil İsrafil Əlilinin fikirlərini öyrənib. Müxtəlif boşanma proseslərində iştirak edən vəkil illər ərzində müşahidə etdiyi halları bizimlə bölüşüb:
"Son vaxtlar məhkəmə proseslərində 15-20 il evli olan şəxslərin boşanmasına tez-tez rast gəlirik. Bunun səbəbləri müxtəlifdir. Məsələn, 20 il öncə boşanma Azərbaycan cəmiyyətində böyük faciə kimi görünürdü, qəbuledilməz sayılırdı. Hazırda isə adi hala çevrilib, insanların ətrafında, yaxınları arasında boşananların sayı artıb. Həmçinin sosial şəbəkələrdə edilən paylaşımlar, xarici seriallar da buna səbəb olur". İsrafil Əlili deyib ki, əslində, uzun müddət evli olub boşanan cütlüklərin əksəriyyətinin evlilikləri illər əvvəl sonlanıb: "Baxsaq, görərik ki, onlar aylardır ki, birlikdə söhbət etmirlər. Qurduqları ünsiyyət isə yalnız övladları barəsində olur. Həmçinin həyat yoldaşlarının bir-birlərinə qarşı diqqətsiz yanaşmaları da ailə münasibətini bitirir. Burada həm qadın, həm də kişi təqsirli ola bilər". Müsahibimiz sonda vurğulayıb ki, bəzən bir evliliyi 20 il sonra bitirən səbəb fiziki zorakılıqdır. Çünki adətən belə hallarda qadınlar illər boyunca ailələrinin dağılmamasına, övladlarına görə fiziki zorakılığa dözürlər. Oxu.Az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva məsələnin psixoloji tərəflərinə münasibət bildirib. O da təsdiq edib ki, uzunmüddətli münasibətlərin bitməsinin arxasında birgünlük hadisə yox, illərlə yığılan emosional narahatlıqlar dayanır:
"Bəzən cütlüklər övladların gələcəyini düşündükləri, maddi çətinliklərdən yayınmaq istədikləri və cəmiyyətin qınağından çəkindikləri üçün problemlərə göz yumurlar. Əgər onlar problemləri açıq danışmır, bir-birlərini dinləmirlərsə, münaqişələri daim təxirə salırlarsa, zamanla münasibətdə emosional olaraq uzaqlaşma yarana bilər. Belə hallarda həyat yoldaşları eyni evdə yaşasalar da, mənəvi baxımdan yadlaşmağa başlayırlar. Bəs insan ayrılıq qərarını niyə yaşı ötdükdən sonra verir? Çünki həyatın bəzi mərhələlərində insan həyatına yenidən nəzər salır. Özünə "niyə mən illərdir buna dözürəm?" sualını verir". Maraqlıdır ki, illərlə yalnız övladlarına görə ünsiyyət quran cütlüklər məhz uşaqlar müstəqil həyata başladıqdan sonra ayrılmağa qərar verirlər? "Valideynlər övladları balaca olanda gündəlik həyatlarının böyük hissəsini onların qayğısına, təhsilinə və gələcəyinə həsr edirlər. Bu prosesdə həyat yoldaşı münasibəti arxa planda qalır. Uşaqlar böyüyüb müstəqil həyata başlayanda ailənin gündəlik ritmi dəyişir. Məhz bu mərhələlərdə bəzi cütlüklər bir-birlərindən nə qədər uzaqlaşdıqlarını, yad insanlar olduqlarını aydın görə bilirlər. Əgər öncədən də cütlüklər arasında sevgi, hörmət varsa, aradakı bağ təkcə övladlara görə deyilsə, həmin münasibətlər davam edir. Ancaq münasibət yalnız övladlara görə davam edibsə, onlar müstəqil həyata atıldıqdan sonra cütlüklər mənəvi bağların nə qədər zəiflədiyini anlayırlar. Bu da təəssüf ki, tərəflərin uzaqlaşmasına səbəb olur", - deyə Nabat Mirzəyeva vurğulayıb. Qeyd edək ki, 20 675 boşanma halından 5 795-i beş ilə qədər, 4 845-i isə 5-9 il müddətində davam edən evliliklərə aid olub. Aytac Qasımova
İllər sonra boşanma qərarı: Xarici seriallar uzunömürlü ailələrin dağılmasına səbəb olur? - Foto İllər sonra boşanma qərarı: Xarici seriallar uzunömürlü ailələrin dağılmasına səbəb olur? - Foto İllər sonra boşanma qərarı: Xarici seriallar uzunömürlü ailələrin dağılmasına səbəb olur? - Foto İllər sonra boşanma qərarı: Xarici seriallar uzunömürlü ailələrin dağılmasına səbəb olur? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər