İqtisadiyyat
Neftin qiymətindəki sıçrayış Azərbaycan iqtisadiyyatına nə qədər qazanc gətirəcək?
Neftin qiymətinin baza proqnozundan 5-20 ABŞ dolları yuxarı və ya aşağı dəyişməsi Azərbaycanın icmal büdcə balansına və Dövlət Neft Fondunun (ARDNF) aktivlərinə təsir edə bilər. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb. Sənəddə neft qiymətlərinin müxtəlif ssenarilər üzrə dəyişməsinin fiskal göstəricilərə təsiri qiymətləndirilib. Belə ki, baza proqnozundan müsbət və mənfi istiqamətdə 5, 10, 15 və 20 ABŞ dolları kənarlaşma nəzərə alınmaqla alternativ ssenarilər hazırlanıb. Baza ssenarisinə əsasən, 2030-cu ilədək Dövlət Neft Fondunun aktivlərinin 73.9 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Müxtəlif ssenarilər üzrə isə aktivlərin baza göstəricisindən təxminən 0.9-1.8 milyard ABŞ dolları fərqlənəcəyi proqnozlaşdırılır. Neft qiymətlərindəki dəyişikliklərin 2027-ci ildə icmal büdcə balansına da təsir edəcəyi gözlənilir. Baza ssenarisində icmal büdcə balansının ÜDM-ə nisbəti mənfi 2% səviyyəsində proqnozlaşdırılır. Alternativ ssenarilərdə bu göstəricinin baza ssenarisindən 1.4-2.7 faiz bəndi intervalında fərqlənəcəyi bildirilir. Sənəddə qeyd olunur ki, neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində və ixracda əhəmiyyətli paya malik olması qiymət və hasilat həcmindəki dəyişiklikləri fiskal və makroiqtisadi göstəricilərə təsir edən əsas amillərdən birinə çevirir. Neft qiymətlərinin proqnozlaşdırılandan aşağı düşməsi neft-qaz gəlirlərinin, icmal büdcə balansının və ARDNF-nin aktivlərinin azalmasına səbəb ola bilər. Bununla belə, qlobal enerji bazarındakı volatilliyə baxmayaraq, növbəti ildə neftin bir barelinin qiymətinin 65 ABŞ dollarından aşağı düşməsi ehtimalı az qiymətləndirilir. Sənəddə neft qiymətləri kanalı ilə bağlı fiskal risklər də aşağı səviyyədə dəyərləndirilir. "Neft qiymətlərinin və hasilat həcminin dövlət maliyyəsinə təsirlərini məhdudlaşdırmaq məqsədilə büdcə qaydasının tətbiqi davam etdirilir. Bu çərçivədə qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin ortamüddətli dövrdə mərhələli şəkildə azaldılması nəzərdə tutulur. Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin manatla müəyyən edilməsi neft qiymətləri, hasilat həcmi və valyuta məzənnəsindəki dəyişikliklərin büdcə gəlirlərinə birbaşa təsirini məhdudlaşdırır. Bu tədbirlər neft-qaz gəlirlərindən asılılığın azaldılmasına, fiskal dayanıqlığın qorunmasına və Fondun aktivlərinin uzunmüddətli perspektivdə saxlanılmasına yönəlib", - sənəddə qeyd olunub.
Mənbə
oxu.az