Dünya

Prokurorun halı pisləşdi: Koçaryanın məhkəməsi yarımçıq dayandırıldı - Video

16 Oct 2026, 11:42 3 baxış
Prokurorun halı pisləşdi: Koçaryanın məhkəməsi yarımçıq dayandırıldı - Video
Ermənistanda "1 mart" işi üzrə keçirilən məhkəmə prosesi prokuror Hayk Ovannisyanın səhhətinin qəfil pisləşməsi səbəbindən yarımçıq dayandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat yayılıb.

Prokuror aparılmış ekspertizaların nəticələrini uzun müddət oxuyarkən qəfildən nitqində çətinlik çəkib. Buna ilk olaraq Ermənistan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Yuri Xaçaturov reaksiya verərək, "Bəlkə dincələsiniz?" deyə soruşub. Bir neçə saniyə sonra Ovannisyan özü qısa bir fasilə istəyib və hakim Sarkis Petrosyan bu xahişə etiraz etməyib. Qeyd edək ki, "1 mart" işi 2008-ci ildə baş vermiş hadisələrlə əlaqədardır. Həmin vaxt seçkidən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəsmi səsvermə nəticələrini qəbul etməyən tərəfdarları kütləvi etiraz aksiyalarına başlayıb. Nümayişçilər və güc strukturları arasında baş verən toqquşmalarda on nəfər həyatını itirmişdi. Bu cinayət işi üzrə Ermənistanın ikinci prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, keçmiş baş qərargah rəisi Yuri Xaçaturov və sabiq baş nazirin müavini Armen Gevorkyan təqsirləndirilirlər. Onlar əvvəlcə konstitusiya quruluşunun devrilməsi maddəsi ilə ittiham olunurdular. Lakin 2021-ci ilin martında Ermənistanın Konstitusiya Məhkəməsi Cinayət Məcəlləsinin 300.1-ci maddəsini Konstitusiyaya zidd hesab etdi və bundan sonra həmin maddə üzrə cinayət təqibinə xitam verildi. 2024-cü ilin sentyabrında məhkəmə işi yeni istiqamət alıb. Prokurorluq Koçaryan və Xaçaturova qarşı irəli sürülən əməlləri yenidən təsnif edərək, onları ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərini aşmaqda günahlandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər