Dünya
Fransada iğtişaşlar: Bağlanan məktəblərin sayı rəsmən açıqlandı
Fransada məktəblilərin davam etməkdə olan etiraz aksiyaları səbəbindən 200-ə qədər orta məktəb fəaliyyətini dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Eduard Jeffre BFM TV-yə müsahibəsində məlumat verib. "Bu gün 200-dən bir qədər az orta məktəb bağlı olmalıdır", - deyə o qeyd edib. Söhbət həm birbaşa şagirdlərin keçirdiyi aksiyalara görə, həm də təhlükəsizlik məqsədilə əvvəlcədən tətbiq edilən bağlanmalardan gedir. Təhsil nazirinin sözlərinə görə, hazırda Fransadakı orta məktəblərin 96 faizində tədris prosesi normal şəkildə davam edir. Qeyd edək ki, oktyabrın əvvəlində başlayan və hazırda da davam edən məktəbli və tələbə etirazları üzündən Fransa daxilində 375 liseyin işinin tam və ya qismən pozulduğu bildirilib. Aksiyalar başlayandan bəri 215 şagird, 700-dən çox hüquq-mühafizə orqanı əməkdaşı və yüzə yaxın təhsil işçisi xəsarət alıb.
Mənbə
oxu.az