Cəmiyyət
Xırdalanda 23 ildir həllini tapmayan problem: Yağış yağan kimi küçələri su basır
Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya probleminin uzun müddətdir həll olunmaması sakinlərin narazılığına yol açıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub. Sakinlərin sözlərinə görə, 23 ildən çoxdur Xırdalan şəhərində yaşasalar da, problem indiyədək həllini tapmayıb. Dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də, nəticə əldə edə bilməyiblər. "Bir neçə il əvvəl şəhərin bir çox ərazisində kanalizasiya xətləri çəkilsə də, Bakıdan Xırdalana gələn istiqamətdə "119-un yolu" adlanan ərazidən sağ tərəfdə yerləşən bir sıra küçələr bu şəbəkəyə qoşulmayıb. Yağış yağan kimi küçələri və həyətləri su basır. Hazırda ərazidə böyük kollektorun tikintisinə başlanılsa da, onun kanalizasiya probleminin həllinə kömək edib-etməyəcəyi barədə bizə məlumat verilməyib", - deyə şikayətçi bildirib. Oxu.Az-ın sorğusuna cavab olaraq "Regional Su Meliorasiya" QSC-dən bildirilib ki, Xırdalandakı yeni layihə kanalizasiya üçün nəzərdə tutulub. "Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu tərəfindən birgə maliyyələşdirilən "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi" layihəsi çərçivəsində kanalizasiya sistemlərinin yenidən qurulması işləri tamamlandıqdan sonra Xırdalan şəhərində 119 nömrəli avtobus marşrutunun keçdiyi yolda tullantı su xətlərində yaranmış problemlərin aradan qaldırılması nəzərdə tutulur", - deyə məlumatda bildirilib.
Mənbə
oxu.az