Nazirlikdən pensiya artımları ilə bağlı - Rəsmi məlumat
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pensiya ödənişlərinə 5 milyard 874 milyon manat vəsait yönəldilib.
Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 10 % və ya 548 milyon manat çoxdur.
Cari ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. Oktyabrın 1-i tarixinə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 % artaraq 596 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 634 manata çatıb.
Nazirlikdən qeyd olunub ki, yanvar-sentyabr aylarında 28 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 206 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.