Dünya
ABŞ-də Trampın tədbirlərini birgə işıqlandırmayan beş telekanal araşdırılır
ABŞ Ədliyyə Nazirliyi Donald Trampın iştirak etdiyi tədbirlərin birgə işıqlandırılmasını müvəqqəti dayandırdıqlarına görə ABC, CBS, CNN, NBC və "Fox News" telekanallarına qarşı antiinhisar qanunvericiliyinin pozulması şübhəsi ilə araşdırmaya başlayıb. Oxu.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb. Nazirlik Ağ Evin media hovuzunun fəaliyyəti ilə bağlı yazışmaları və digər materialları tələb edib. Bu sistem çərçivəsində telekanallar növbəli şəkildə ABŞ prezidentinin iştirak etdiyi tədbirləri çəkir və əldə etdikləri görüntüləri digər media qurumları ilə bölüşürlər. Sentyabr ayında Tramp CNN, "Politico" və MS NOW (keçmiş MSNBC) nümayəndələrinin Ağ Evə girişini məhdudlaşdırdıqdan sonra telekanallar bir neçə gün ərzində birgə çəkilişləri dayandırıblar. Nəticədə ABŞ-nin aparıcı telekanalları Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ-yə səfəri zamanı keçirilən bəzi tədbirlərin görüntülərini yayımlaya bilməyiblər. CNN-nin məlumatına görə, Çin rəsmiləri səfərin mediada kifayət qədər işıqlandırılmamasından narazılıqlarını bildiriblər. ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Emili Kovinqton məsələ ilə bağlı belə deyib: "Kommersiya rəqibləri arasında kollektiv boykotlar Şerman qanununu poza bilər". Araşdırmanın məqsədi telekanalların bu addımla antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyənləşdirməkdir. Qeyd edək ki, məhkəmə CNN, MS NOW və "Politico"nun Ağ Evə giriş hüququnu müvəqqəti bərpa edib. Buna baxmayaraq, sentyabrın 26-da Trampın Tennessi ştatına səfəri zamanı CNN jurnalistlərinin "Air Force One" prezident təyyarəsinə minməsinə icazə verilməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər