Dünya

Yaponiyada VIII əsrə aid kölələrin satış qiymətini göstərən unikal lövhə tapılıb - Foto

09 Oct 2026, 06:04 5 baxış
Yaponiyada VIII əsrə aid kölələrin satış qiymətini göstərən unikal lövhə tapılıb - Foto
Yaponiyada arxeoloqlar Nara dövrünə aid, kölə qadının satışının detalları və onun dəqiq qiymətinin qeyd olunduğu unikal taxta lövhə aşkarlayıblar. Oxu.Az bu barədə "Asahi Shimbun" nəşrinə istinadən xəbər verir. Tapıntı ölkənin qədim paytaxtı Heyco-kyo ərazisində, indiki Nara şəhərindəki qədim quyunun qalıqlarından çıxarılıb. Milli Mədəni İrs Araşdırmaları İnstitutunun alimləri tərəfindən aşkarlanan 62 santimetrdən uzun lövhənin VIII əsrin sonlarına aid olduğu müəyyənləşdirilib. Lövhənin hər iki tərəfində qara mürəkkəblə yazılmış 73-dən çox heroqlif qorunub. Mətndən məlum olur ki, 27 yaşlı qadın 8 kanmon, yəni təxminən 8 000 mis sikkə qarşılığında satılmalı imiş. Bu məbləğ müasir dövrün hesablamalarına əsasən, təxminən 2.4 milyon yenə (15 200 dollar) bərabərdir. Satıcı isə əvvəlcədən 4 kanmon məbləğində ödəniş alıb. Lövhənin arxa tərəfində "qaçaq şəxs", "faiz" və "üzrxahlıq" kimi ifadələr yer alır. Alimlər bu yazılara əsasən, sövdələşmənin son nəticədə baş tutmadığını ehtimal edirlər. Nara dövründə Yaponiya cəmiyyəti azad icma üzvləri və aşağı sosial statusa malik insanlar arasında ciddi şəkildə bölünürdü. Sənəd kölə alqı-satqısının təsdiqlənməsi üçün hökumətə təqdim edilmiş ərizə olub. Lakin sənəd dövlət orqanları tərəfindən geri qaytarılıb və daha sonra tullantılar arasında qalıb. İnstitutun Arxeoloji Tədqiqatlar Mərkəzinin direktoru Hadzime Baba bildirib ki, tapıntı həmin dövrdə insan alverinin detalları barədə mühüm məlumat verir. Bundan əvvəl insanların alınıb-satılması faktları yalnız Naradakı Şosoin məbədinin arxiv sənədlərindən məlum idi. Lakin konkret insanın satış qiymətinin göstərildiyi heç bir sənəd aşkar edilməmişdi. Hazırda lövhənin konservasiya işləri aparılır. İşlər başa çatdıqdan sonra artefaktın muzeydə ictimaiyyətə nümayiş etdirilməsi planlaşdırılır.
{{gallery}}
Yaponiyada VIII əsrə aid kölələrin satış qiymətini göstərən unikal lövhə tapılıb - Foto Yaponiyada VIII əsrə aid kölələrin satış qiymətini göstərən unikal lövhə tapılıb - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər