Şou biznes
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Oxu.Az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenaristi iranlı Nader Saivar olacaq. Çəkilişlərə 2027-ci ilin əvvəlində başlanılması planlaşdırılır. Hande Erçel filmdə ali təhsilli, orta təbəqədən olan Mərva adlı türk qadının obrazını canlandıracaq. Həyat yoldaşının Türkiyədə faciəli şəkildə həlak olmasından sonra Mərva Almaniyaya köçür və burada 12 yaşlı oğlu ilə birlikdə həyatına yenidən başlamağa çalışır. Mərva alman ailəsinə məxsus dil məktəbində işə düzəlir. Lakin burada ailənin 15 yaşlı oğlu Lukanın təqibləri və qısnamaları ilə üzləşir. Təqiblər təkrarlanandan sonra Mərva baş verənləri oğlanın atasına danışmaq qərarına gəlir. Lakin ailə ona kömək etmək əvəzinə Mərvanı yalan danışmaqda ittiham edir və ona qarşı amansız təzyiqlərə başlayır. Qadın oğlu naminə qərəzlərə və sistemə qarşı mübarizə apararaq özünü müdafiə etmək və həqiqəti sübut etmək üçün mübarizənin sonuna qədər getmək qərarına gəlir. Filmdə alman ailəsinin atası rolunu məşhur aktyor Morits Blyaybtroy canlandıracaq. Digər ölkələrdən olan aktyorların adları isə daha sonra açıqlanacaq.
Mənbə
oxu.az