Dünya
Qazanc xatirinə aldadıcı alqoritm: "TikTok" ətrafında daha bir qalmaqal
"TikTok" daha bir qalmaqalın mərkəzindədir. Nyu-York hakimiyyəti məşhur sosial şəbəkəni minlərlə istifadəçi, o cümlədən uşaq və yeniyetmələr üzərində xüsusi sınaqlar keçirməkdə günahlandırır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məhkəmə materiallarına əsasən məlumat yayıb. Məlumata görə, 2023-cü ildə "TikTok" bəzi istifadəçilərə arzuolunmaz məzmundan təmizləməli olan "Algo Refresh" funksiyasının işləməyən versiyasını təqdim edib. İnsanlar öz xəbər lentlərini yenilədiklərini düşünsələr də, əslində alqoritm əvvəlki kimi fəaliyyətini davam etdirib. İstintaqın versiyasına görə, şirkət bu yolla istifadəçi davranışını, həmçinin funksiyanın tətbiqdə keçirilən vaxta və reklam gəlirlərinə təsirini öyrənirmiş. Təhlükəsizlik funksiyaları ilə bağlı sınaqlarla əlaqədar daha ciddi ittihamlar irəli sürülür. İddia olunur ki, "TikTok" potensial təhlükəli materialların göstərilməsini məhdudlaşdıran qoruyucu mexanizmləri təsadüfi qaydada sıradan çıxarıb. İddia ərizəsində özünə xəsarət yetirmə və intiharla bağlı materialları izlədikdən sonra həyatına son qoyan nyu-yorklu yeniyetmənin halı nümunə gətirilir. Sənədlərə görə, "TikTok"un daxili yoxlaması həmin şəxsin lentində bu cür məzmunun çoxluq təşkil etdiyini aşkar edib. Şirkətin əməkdaşlarından biri hələ əvvəllər xəbərdarlıq etmişdi ki, "platsebo" qrupunun istifadəsi alqoritmlər üzərində şəffaflıq və nəzarət ideyasının özünə ziddir. "TikTok" isə ittihamları rədd edərək, yeni funksiyaların sınaqdan keçirilməsinin normal təcrübə olduğunu və yetkinlik yaşına çatmayanların təhlükəsizliyinin şirkət üçün əsas prioritetlərdən biri olaraq qaldığını bildirir. Bundan əvvəl də "TikTok" Amerika rəsmilərinin ciddi iddiaları ilə üzləşmişdi. Şirkət və "ByteDance" internetdə uşaqların məxfiliyinin qorunması haqqında qanunun pozulması işi üzrə 400 milyon dollar ödəməyə razılaşıblar. Bundan əlavə, 2026-cı ilin sentyabrında "TikTok" Alabama ştatına 300 milyon dollara qədər təzminat ödəməyə və yeniyetmələr üçün platformanın iş prinsipini dəyişdirməyə dair razılıq əldə edib.
Mənbə
oxu.az