Dünya
Yəmənin cənub-qərbində uğurlu əməliyyat: Kəhbub husilərdən təmizləndi
Yəmən hökumətinin hərbi birləşmələri Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən və strateji önəm daşıyan dağlıq Kəhbub ərazisində nəzarəti yenidən bərpa edib. Oxu.Az-ın məlumatına görə, bu barədə "Dar əl-Vətən" ("Vətən qalxanı") bölməsi X sosial şəbəkəsindəki rəsmi hesabında bəyanat yayıb. "Yəmən şəfəqi" əməliyyatı çərçivəsində "Dar əl-Vətən" qüvvələri, "Əl-Əmaliqa" ("Nəhənglər briqadası") və (Səudiyyə Ərəbistanının başçılıq etdiyi - red.) müttəfiq qüvvələr Kəhbub istiqamətindəki cəbhə xəttini tam olaraq ələ keçirib", - deyə açıqlamada qeyd olunur. Xatırladaq ki, 2014-cü ilin avqustundan etibarən Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət ordusu arasında silahlı toqquşmalar davam edir. İyul ayında qiyamçılar krallığa qarşı dəniz blokadası elan edərək, ona məxsus bir neçə neft tankerinə hücum təşkil etmişdilər. Avqustun əvvəllərində "Ənsar Allah" hərəkatı ölkənin cənub-qərbində hücuma keçmiş, sentyabrın 10-11-də isə Moxa liman şəhərini və Bab əl-Məndəb boğazına yaxın əraziləri işğal etmişdi. Bunun ardınca, oktyabrın 4-də Yəmən hökumət qüvvələri üsyançıların nəzarətində olan bölgələri geri qaytarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyatlara başladığını elan edib.
Mənbə
oxu.az