Cəmiyyət
Ağdam narı Bolqarıstana ixrac ediləcək
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində Ağdam rayonuna mediatur təşkil olunub. Oxu.Az xəbər verir ki, tur çərçivəsində media nümayəndələri 100-cü Yubiley Aqrar Biznes Festivalının keçirildiyi əraziyə baxış keçirib, burada təşkil olunan sərgi bölmələri, iştirakçıların təqdim etdiyi məhsul və xidmətlər, eləcə də aqrar sahədə tətbiq olunan müasir texnologiyalar və innovativ həllərlə tanış olublar. Media nümayəndələrinə Aqrar Biznes Festivalının məqsədləri, tədbir çərçivəsində fermer və sahibkarlar üçün yaradılan imkanlar, aqrar sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və müasir texnologiyaların tətbiqinin təşviqi barədə məlumat verilib. Mediatur çərçivəsində, həmçinin Ağdam rayonunda "Agro Food İnvestments" şirkəti tərəfindən salınmış nar bağlarına - "Zəfər bağları"na baxış keçirilib. "Zəfər Bağları"nın icraçı direktoru Seymur Sadıxov jurnalistlərə açıqlamasında deyib ki, Ağdam narı Səudiyyə Ərəbistanı, Bolqarıstan və Slovakiyaya ixrac olunacaq. O bildirib ki, bu il məhsuldarlığın 8 tona çatdırılması planlaşdırılır: "Zəfər Bağları" MMC 2024-cü ildə təsis olunub. Hazırda Ağdam, Xocalı və Füzuli ərazilərində ümumilikdə 1 420 hektar ərazidə fəaliyyət göstərir. "Zəfər Bağları" ümumilikdə narçılıq sektorunda fəaliyyət icra edir. Hazırda biz mövcud bağların bərpa olunması və yeni bağların salınması ilə məşğuluq. İndiyədək "Zəfər Bağları" 420 hektar ərazidə fəaliyyət göstərir. Növbəti ildən isə 300 hektar yeni nar və badam bağlarının salınması ilə fəaliyyətini genişləndirəcək. Hazırda şirkətimizdə 150 nəfər çalışır. Gələcək illərdə işçi sayının 250 nəfərədək artırılması nəzərdə tutulub. "Zəfər Bağları" MMC olaraq fəaliyyət göstərdiyimiz ikinci ildən etibarən artıq Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxmağa başlamışıq. Bu ildən etibarən isə Azərbaycan narını, Ağdamın məşhur "Gülövşə" narını Səudiyyə Ərəbistanı, Bolqarıstan və Slovakiya bazarlarına çıxarmaq üçün danışıqlar aparırıq. Artıq hətta bəzi müqavilələrimiz imzalanıb. . Aydın məsələdir ki, bura işğaldan azad olunmuş zonadır və təəssüf olsun ki, burada bütün infrastruktur dağıdılmışdı, məhv olunmuşdu. İlk il məhsuldarlıq 4 ton olmuşdu, ikinci il 6 ton, bu il isə Azərbaycan ortalaması olan 8 tona çatdırılması planlaşdırılıb. 2032-ci ildə "Zəfər Bağları"nın bir hektar sahədən minimal olaraq 20-25 ton arası məhsuldarlığa çatdırılmağı planlaşdırılır. Bunun üçün xüsusi sortların yetişdirilməsi, daha müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulub. Bundan ötrü artıq müəyyən investisiyalar ayrılıb. Plan üzrə işlər davam edir. Hazırda Azərbaycanın ənənəvi sortları olan "Gülövşə", "Vələs", "Bala Mürsəl" və qismən xarici sort olan "Wonderful" yetişdirilir. Növbəti ildən isə "Minaşirin" sortu da yetişdirdiyimiz məhsullara əlavə olunacaq". Media nümayəndələri bağlarda görülən işlər, narçılığın inkişafı istiqamətində həyata keçirilən fəaliyyət və işğaldan azad edilmiş ərazilərdə aqrar istehsal potensialının reallaşdırılması ilə bağlı məlumatlandırılıblar. 100-cü Yubiley Aqrar Biznes Festivalının məhz Ağdamda keçirilməsi rayonun kənd təsərrüfatı potensialının reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağdamda kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, müasir texnologiyaların tətbiqi, yeni təsərrüfatların yaradılması və aqrar istehsal potensialının artırılması istiqamətində yeni imkanlar formalaşır. Mediatur iştirakçıları festivalın təşkil olunduğu ərazidə aparılan işləri, sərgi və təqdimatları, eləcə də Ağdamda həyata keçirilən bərpa-quruculuq prosesinin müxtəlif istiqamətlərini yaxından izləmək imkanı əldə ediblər. Mediaturun keçirilməsi Aqrar Biznes Festivalının məqsəd və nəticələrinin, regionda həyata keçirilən aqrar layihələrin və yaradılan yeni imkanların ictimaiyyətə daha geniş şəkildə çatdırılmasına xidmət edib.
Mənbə
oxu.az