İdman

Bakıda "Fənər"li futbolçuların "şou-proqram"ı

04 Oct 2026, 10:12 2 baxış
Bakıda "Fənər"li futbolçuların "şou-proqram"ı
Samir İsayev yazır… Ötən gün Bakıda "Turan Tovuz" və Türkiyənin "Fənərbağça" klubları arasında yoldaşlıq oyunu keçirildi. Qonaq komandanın 0:2 hesablı üstünlüyü ilə bitən oyunda baş verənlərin fonunda qarşılaşmanı nə qədər yoldaşlıq matçı adlandırmaq olar ki?! Niyə belə deyirəm? Matçı izləməyənlər üçün bir neçə məqamı xatırladım: Rəqibin ulduz simalarından olan Mateo Genduzinin küncdən zərbə zamanı güləş döşəyi ilə yaşıl meydanı səhv salması, bir neçə dəqiqə sonra komanda yoldaşı Meyson Qrinvudun haqlı olaraq birbaşa qırmızı vərəqə alması, guya buna etiraz edirmiş kimi Genduzinin komandanı meydandan çıxarmaq cəhdi və ən nəhayət qırmızı vərəqə alan futbolçunun əvəzlənməsi. Futbol tarixində ilkdir bu. "Qırmızı" alan futbolçu əvəzlənir və yerinə başqa oyunçu meydana girir. Futbol qanunları üçün yoldaşlıq və ya rəsmi qarşılaşma fərqi yoxdur. Demək Bakıdakı oyun əslində futbol deyil, təzə idman növüdür yəqin. Mən bunu balaca uşaqlar üçün şou-proqram adlandırardım. "Fənərbağça" kimi köklü klubun hansısa futbolçularının yoldaşlıq oyununda etdikləri heç bir yoldaşlığa sığmır. Ən azından adıçəkilən futbolçuların Türkiyə ilə heç bir əlaqəsi yoxdursa, klub rəhbərliyi iki ölkə arasında olan münasibətlərlə bağlı onları məlumatlandırmalı idi. Həmin futbolçuların Avropadan gəldiyinə nəzər salsaq, görə bilərik ki, qərb ölkələrində yoldaşlıq oyunları bəzən 22:0 kimi fantastik hesabla bitir. Yəni məsələ profesionallıqdırsa, qaydaların kobud şəkildə pozulması heç bir halda bu çərçivəyı sığmır. Yox əgər yoldaşlıq qrifi altında qarşılaşmadırsa, o ada heç yaraşmır. Bir məsələni də diqqətə çatdırım: dünyada hansısa futbolçunun haqqı yoxdur ki, birbaşa qırmızı vərəqədən sonra meydanda əvəzlənsin, hansısa futbolçunun haqqı nədir ki, hakimə kəskin etirazını bildirsin. Həmin futbolçu dərhal vərəqə ilə cəzalandırılardı. Hə, yeri gəlmişkən deyim, bu, Genduzinin Azərbaycan klubları ilə qarşılaşmada ilk kəskin etirazı deyil. Futbol azarkeşlərinin yaxşı yadında olar "Qarabağ"ın Fransa "Marsel"i ilə oyunu. Ağdam klubunun futbolçusu Vadji əli ilə qol vurur, hakim bu epizodu görmür və mərkəz xətti göstərir. Bundan sonra Genduzi dördüncü hakimə tərəf şığıyır, ona kəskin etiraz bildirir. Təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra qol qeydə alınmır. Qurbanov əsl peşəkarlıq nümayiş etdirir. Halbuki Genduzinin dünənki hərəkətlərindən sonra Qurban Qurbanova səslənərdim: Genduzi hörmət qanan deyil, onun üçün futbol qanunları vacib deyil, vacib olan büdcəsi dəfələrlə ondan aşağı olan, zəif təsir bağışlayan klublar üzərində çətinliklə qələbə qazanmaqdır. Kaş o oyunda həmin qol ləğv edilməyəydi. Görəsən qol qeydə alınsaydı, Genduzi dünənki kimi komandasını meydandan çıxara bilərdi? Heç vaxt, əsla. Çünki qarşısındakı qardaşlığa hörmətlə yanaşan azərbaycanlı hakim deyildi. Kaş bəzi qonaq oyunçular Türkiyə klubları timsalında "yoldaşlıq" sözünün bizim üçün "qardaşlıq" sözünə bərabər olmasını anlayardılar, bu məqama önəm verəydilər. O zaman belə biabırçılıq da yaşanmazdı. Qısası, Bakıdakı möhtəşəm qarşılanma, dadlı təamların olduğu axşam yeməyi və əyləncədən sonra qonaq komandanın etdikləri nə yoldaşlığa, nə də qardaşlığa sığmadı. 32 ildən sonra baş tutan bu oyundan gözləntilər tamamilə fərqli idi.
Mənbə oxu.az

Oxşar Xəbərlər