Dünya
Putindən xəbərdarlıq: "Heç kim zəmanət verə bilməz..."
Rusiya Prezidenti Vladimir Putin dünya dövlətlərinin sahib olduğu dağıdıcı silahların təhlükəsini unutmamağa və onların tətbiqinə yol verməməyə çağırıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısı "Valday" Beynəlxalq Diskussiya Klubunun 23-cü illik iclasının plenar sessiyasında çıxışı zamanı bildirib. Rusiya lideri bildirib ki, bu gün dünya dövlətləri "bütün canlıları məhv etməyə" qadir silahlara malikdirlər və bu silahların heç vaxt tətbiq olunmayacağına heç kim zəmanət verə bilməz. "Biz sizinlə məşhur deyimi bilirik: əgər tamaşanın əvvəlində divardan tüfəng asılıbsa, o, finalda mütləq atəş açmalıdır. Biz bunu nəzərə almalı və bu ssenaridən yayınmalıyıq", - deyə Vladimir Putin xatırladıb. Putin əlavə edib ki, qarşıdurma nə qədər kompromissiz olarsa və rəqibin strateji məğlubiyyəti məqsədi nə qədər açıq bəyan edilərsə, döyüşün ən kəskin fazaya keçmə şansı bir o qədər yüksəlir: "Sağ qalmaq uğrunda mübarizə qanunu yalnız canlı təbiətdə deyil, sosial cəmiyyətlərdə də keçərlidir - xüsusilə də onları müstəqilliyin, ləyaqətin və hətta mövcudluq hüququnun itirilməsi təhlükəsi ilə üz-üzə qoyduqda".
Mənbə
oxu.az