Dünya
Tramp ağcaqanadlarla bağlı qərar imzaladı
ABŞ lideri Donald Tramp 2028-ci ilə qədər Vaşinqtonda bəzi ağcaqanad növlərinin populyasiyasının 90% azaldılmasını nəzərdə tutan fərman imzalayıb. Oxu.Az xəbər verir ki, müvafiq icra sərəncamı Ağ Evin rəsmi saytında dərc olunub. Sənəddə qeyd edilir ki, fərman imzalandığı tarixdən etibarən 60 gün ərzində xüsusi kampaniya hazırlanmalıdır. "Fərman 2028-ci ilə qədər Vaşinqtonda müasir texnologiyalara əsaslanan təhlükəsiz, qeyri-kimyəvi, effektiv və innovativ üsullardan istifadə etməklə invaziv ağcaqanad növlərinin populyasiyasının 90%, gənə populyasiyasının isə 50% azaldılması üzrə kampaniyanın hazırlanıb həyata keçirilməsini tələb edir", - deyə Ağ Evin saytında yerləşdirilmiş mətndə bildirilir. Sərəncama əsasən, Tramp Asiya pələngi və sarı qızdırma ağcaqanadları da daxil olmaqla, bir sıra zərərvericilərin sayının azaldılmasını tapşırıb. Xatırladaq ki, avqust ayında Birləşmiş Ştatlarda peyvəndi olmayan virusa ilk yoluxma halı qeydə alınmışdı. Söhbət it gənəsinin dişləməsi vasitəsilə keçən Burbon virusundan gedir. Xəstəlik ilk dəfə 2014-cü ildə Kanzas ştatının Burbon dairəsində aşkar edildiyi üçün bu adı daşıyır. Həmin vaxtdan bəri altı nəfər bu infeksiyaya yoluxub və onlardan ən azı ikisi həyatını itirib. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-də Burbon virusuna yoluxma halının qeydə alınması fonunda Avropa ölkələrində gənələrin yayılması ilə bağlı vəziyyəti diqqətdə saxladığını bəyan edib.
Mənbə
oxu.az