AB-də köklü dəyişikliklər: Yeni mexanizmlər tətbiq olunacaq
Avropa Komissiyası Avropa Birliyində qərarların qəbul edilməsi mexanizminə köklü dəyişikliklər təklif edəcək. Məqsəd milli səviyyədə veto hüququndan yan keçmək və hüququn aliliyi prinsipinə əməl olunmasını təmin edən yeni mexanizmlər tətbiq etməkdir.
Axar.az xəbər verir ki, bu barədə “Rapporteur” portalı məlumat yayıb.
Qeyd olunur ki, bu təşəbbüs Avropa Birliyinin mümkün genişlənməsi və Monteneqro, Albaniya kimi yeni ölkələrin birliyə qoşulması ərəfəsində irəli sürülür.
Gələn həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyen AB-nin daxili fəaliyyətinin genişmiqyaslı islahatı ilə bağlı planı təqdim edəcək. Bu, son onilliklərdə həyata keçirilməsi nəzərdə tutulan ən böyük islahatlardan biri olacaq. Lissabon müqaviləsinə dəyişiklik edilməsini tələb etməyən bu plan Avropa Birliyinin üzv ölkələrin sayının 30-dan çox olacağı mümkün genişlənməyə hazırlamaq məqsədi daşıyır.
Uzun müddətdir təxirə salınan genişlənmə strategiyasına həsr olunmuş iki daxili sənəd layihəsində “keçid müddəalarından” (passerelle clauses) istifadə edilməsi təklif olunur. Bu, AB-yə üzvlüyə namizəd ölkələrin müraciətlərinə baxılmasının bir sıra aralıq mərhələlərində 27 üzv ölkənin hamısının yekdil razılığı tələbindən imtina etməyə imkan verə bilər.
Avropa Komissiyası sədrinin planının əsasını təşkil edəcək sənədlərdən birində qeyd olunur ki, AB tam konsensusa nail olmaq zərurətindən daha az asılı olmalıdır:
“Konsensus aidiyyət hissini və demokratik legitimliyi gücləndirir. Lakin eyni zamanda, birliyin təxirəsalınmaz şəkildə hərəkət etməli olduğu sahələrdə vaxtında qərarların qəbul edilməsini gecikdirə və ya ümumiyyətlə bloklaya bilər”.