Dünya
Yəmən hökumətindən SƏRT ADDIM: Husilərə qarşı ümumi səfərbərlik
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti ölkədə qiyamçı "Ənsar Allah" (husilər) hərəkatına qarşı ümumi səfərbərlik elan edib. Oxu.Az bu barədə SABA informasiya agentliyinə istinadən xəbər verir. "Nümayəndələr Palatası Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əliminin ümumi səfərbərliyin elan olunması ilə bağlı sorğusunu təsdiqləmək barədə qərar qəbul edib", - deyə qanunverici orqanın bəyanatında bildirilir. Qeyd olunur ki, bu tədbir elan edildiyi andan qüvvəyə minir və onun qəbul edilməsinə səbəb olan amillər aradan qalxanadək qüvvədə qalacaq. Sənədə əsasən, səfərbərlik husilər tərəfindən gərginliyin artırılmasına qarşı durmaq, vətəndaşları qorumaq, respublika quruluşunu müdafiə etmək, eləcə də dövlətin suverenliyini qorumaq məqsədilə elan edilir. Parlamentarilər siyasi qüvvələri fikir ayrılıqlarını bir kənara qoymağa çağırıblar və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası ilə fəaliyyətlərin əlaqələndirilməsinin vacibliyini vurğulayıblar.
Mənbə
oxu.az