Dünya
Fransua Olland növbəti prezident seçkisində iştirak edə bilər
Fransanın sabiq lideri Fransua Olland gələn il keçirilməsi planlaşdırılan növbəti prezident seçkisində iştirak etmək ehtimalının olduğunu bildirib. Oxu.Az məlumat verir ki, keçmiş prezident bu barədə "Repubblica" qəzetinə verdiyi müsahibə zamanı danışıb. Siyasətçi hesab edir ki, sözügedən məsələ çox ciddi xarakter daşıyır və yekun qərar qəbul etməzdən öncə vəziyyət ətraflı şəkildə təhlil olunmalıdır. "Belə bir addımı ancaq müstəsna vəziyyətlərdə atmağım mümkündür. Mən birinci turda sadəcə iştirak üçün mübarizə aparan bir namizəd olmaq istəmirəm. Əsas hədəfim ikinci tura keçmək və yekunda qələbə qazanmaqdır. Qəti qərarımı yalnız bu məqsədə çatmaq şanslarımı ölçüb-biçdikdən sonra verəcəyəm", - deyə F.Olland qeyd edib. Keçmiş rəhbər onu da bildirib ki, hədəfi hakimiyyətə yenidən yiyələnmək, yaxud qisas hissi ilə hərəkət etmək deyil. Onun fikrincə, əsas məsələ tamamilə başqa amillərlə bağlıdır. F.Olland qeyd edir ki, hazırkı dövrdə cəmiyyət üçün iki vacib sualın cavabı tapılmalıdır: ölkəni kim birləşdirmək iqtidarındadır və Fransa xalqının gələcəyə inamını kim geri qaytara bilər? Sabiq prezident əmindir ki, seçkidə qalib gəlmək naminə mərkəzçi və ya sağçı siyasi qüvvələrlə xüsusi ittifaqlar yaratmağa mütləq ehtiyac yoxdur.
Mənbə
oxu.az