Cəmiyyət

Əti bahalaşdıran səbəblər

25 Sep 2026, 14:52 3 baxış
Əti bahalaşdıran səbəblər

Son dövrdə ət, xüsusilə mal ətinin qiymətində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin avqustunda mal və qoyun əti əvvəlki ayla müqayisədə bahalaşan əsas ərzaq məhsulları sırasında olub. Yanvar-avqust aylarında ərzaq məhsullarının ümumi qiyməti də 6,9 faiz artıb. Satıcılar qiymət artımını mal-qaranın azalması ilə əlaqələndirirlər.


Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli ətin bahalaşması ilə bağlı danışarkən qeyd edib.


Ekspertin sözlərinə görə, bahalaşmanın əsas səbəblərindən biri yerli təklifin azalmasıdır:


“Fermerlər bildirir ki, yem, otlaq və heyvanın saxlanması xərcləri yüksəldiyi üçün əvvəlki həcmdə mal saxlamaq artıq maddi cəhətdən çətindir.


Qiymətin yüksək olmasının digər səbəbi istehsalçıdan istehlakçıya qədər olan zəncirin xərcləridir. Heyvan bazara çıxarılana qədər 8-10 ay, bəzən daha uzun müddət yemlənməlidir. Fermerin satdığı qiymətlə Bakıda istehlakçının aldığı qiymət arasında yeməkxana, kəsim, daşınma, soyutma, icarə, əmək və ticarət marjası kimi əlavə xərclər formalaşır. Bu səbəbdən kənd təsərrüfatı səviyyəsindəki qiymət artımı pərakəndə bazarda daha yüksək görünə bilər”.


İqtisadçı qeyd edib ki, mal-qaranın sayının azalması təklifin bərpasını çətinləşdirir:


“Təklif azaldığı halda ətə tələbat ciddi şəkildə aşağı düşmürsə, bazarda qiymətin yüksəlməsi təbii nəticəyə çevrilir.


Hazırda qiymət artımının yalnız mövsümi faktorla izah edilməsi də düzgün deyil. Mövsümi amil bahalaşmanı sürətləndirə bilər, amma əsas məsələ istehsal xərclərinin yüksəlməsi və yerli ət təklifinin zəifləməsidir. Ona görə yaxın perspektivdə qiymətin davamlı şəkildə aşağı düşməsi üçün əsas şərt yerli heyvandarlıqda təklifin artırılması və istehsal xərclərinin aşağı salınmasıdır.


Təkcə pərakəndə qiymətə nəzarət etmək problemi həll etmir. Yem bazasının, otlaq sahələrinin, damazlıq heyvandarlığın və fermerin istehsal rentabelliyinin yaxşılaşdırılması daha vacib məsələdir”.


Qeyd edək ki, son günlərdə mal ətinin qiyməti 2-3 manat artıb.

Mənbə axar.az

Oxşar Xəbərlər