Dünya
Həbsxanadan qaçdıqdan sonra "dünya turuna" çıxan almaniyalı fırıldaqçı ələ keçdi - FOTO
Cəzaçəkmə müəssisəsindən qaçaraq Moskvaya getdiyini bildirən almaniyalı fırıldaqçı Hendrik Holt saxlanılıb. Oxu.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, hazırda onun 36 yaşı var. Holt Almaniyada külək enerjisi sahəsində nəhəng layihələr həyata keçirdiyinə investorları inandıraraq uzun illər beynəlxalq enerji korporasiyalarını aldadıb. O, bahalı geyimləri və lüks avtomobilləri ilə investorların diqqətini cəlb edib. Holt 2020-ci ildə Berlində saxlanılıb. 2022-ci ildə Osnabrük məhkəməsinin qərarı ilə dələduzluğa görə 7.5 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra böhtana görə bu müddətə daha 14 ay əlavə olunub. Holt Berlinin cənubunda yerləşən Hayderinq həbsxanasında cəza çəkirdi. Məlumata görə, o, həbsxanada olduğu müddətdə də dələduzluq sxemlərini idarə etməyə davam edib. Daha sonra ona gündüz saatlarında həbsxana ərazisini tərk etməyə icazə verilib. Lakin 2026-cı ilin avqustunda Holt geri qayıtmayıb. Qısa müddət sonra onminlərlə izləyicisi olan almaniyalı fırıldaqçının "Instagram" səhifəsində Moskvadan paylaşım edilib. Fotoda Moskvanın mərkəzində, Rusiya Federasiya Şurasının binasının qarşısındakı küçə əks olunub. "Moskvadan səmimi salamlar. Bura çox gözəldir, kürü isə möhtəşəmdir", - deyə Holt paylaşımında yazıb. Xəbərdə bildirilir ki, o, həbsxana rəhbərliyinə də elektron məktub göndərib. Holtun təxminən bir ay ərzində qaçaq olduğu qeyd edilir. Osnabrük prokurorluğu açıqlamasında onun Polşa və Türkiyə üzərindən qaçaraq Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığını bildirib. Prokurorlar Holtun Rusiyada olması ilə bağlı paylaşımını istintaqı çaşdırmaq məqsədi daşıyan hiylə adlandırıblar. Hazırda Holtun BƏƏ-dən Almaniyaya ekstradisiya edilməsi məsələsinə baxılır. Almaniya qanunvericiliyinə görə, həbsxanadan qaçmaq cinayət hesab edilmədiyi üçün ona bu əməlinə görə əlavə cəza verilməyəcək. Bununla belə, Holtun xaricə qaçarkən istifadə etdiyi xarici pasportunun qaydalara zidd olaraq niyə müsadirə edilmədiyi hələ də məlum deyil.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az