Dünya
Britaniyalı general ağır cinsi cinayət şübhəsi ilə araşdırılır
Britaniyanın hərbi kosmik əməliyyatlarına rəhbərlik edən aviasiya general-mayoru Ceyms Tompson cinsi xarakterli cinayətlə bağlı araşdırma çərçivəsində vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə "Sky News" Böyük Britaniya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağır Cinayətlərin Araşdırılması Komandanlığının nümayəndəsinə istinadən məlumat yayıb. Nümayəndənin sözlərinə görə, Kral Hərbi Hava Qüvvələrinin hərbçisi oğurluq və yetkin şəxsə qarşı ağır cinsi cinayət törədilməsi barədə daxil olan məlumatlarla əlaqədar saxlanılıb. Oğurluqla bağlı araşdırma başa çatdırılıb və ittihamların irəli sürülməsi məsələsinə baxılması üçün materiallar hərbi prokurorluğa göndərilib. Ehtimal olunan ağır cinsi cinayətlə bağlı araşdırma isə davam edir. Kral Hərbi Hava Qüvvələrindən bildirilib ki, aviasiya general-mayoru Ceyms Tompson araşdırma çərçivəsində hüquqlarına xələl gətirilmədən vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb. Ceyms Tompson bu ilin iyununda Kosmik Komandanlığın rəhbəri vəzifəsinə başlayıb. 2021-ci ildə Kral Hərbi Hava Qüvvələrinin tərkibində yaradılan bu struktur kosmosda hərbi əməliyyatların həyata keçirilməsi, o cümlədən təhdidlərin monitorinqi və peyklərin qorunması ilə məşğuldur.
Mənbə
oxu.az