Dünya
Qrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətlə elan edirəm ki, ABŞ Danimarka Krallığı və Qrenlandiya ilə Birləşmiş Ştatlara Qrenlandiyanın təhlükəsizliyinə və bütün digər ehtiyaclarına daimi nəzarət imkanı verən saziş bağlayıb. Bu da Amerikanın çoxsaylı narahatlıqlarını tamamilə aradan qaldırır. Bu, Birləşmiş Ştatlara heç bir məbləğə başa gəlməyəcək!", - deyə Tramp qeyd edib. O bildirib ki, bundan sonra ABŞ-nin heç bir rəqibi Qrenlandiyada "heç vaxt" bazaya malik ola və hərbi kontingent yerləşdirə bilməyəcək. Saziş həmçinin Vaşinqtonun yazılı razılığı olmadan Qrenlandiyada "həssas investisiyalar" qoyulmasını qadağan edir. ABŞ Prezidenti Donald Tramp Danimarkanın təhlükəsizlik məsələlərində Qrenlandiyaya nəzarəti ABŞ-yə verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ABŞ adada böyük hərbi kontingent yerləşdirməyi planlaşdırır. "Biz dərhal Qrenlandiyanın müvafiq hissəsində böyük hərbi mövcudluğun yaradılması prosesinə başlayacağıq. Belə ərazilər isə orada çoxdur", - deyə o əlavə edib.
Mənbə
oxu.az