Dünya
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə planla tanış olan iki mənbə məlumat verib. Mənbələrin məlumatına görə, AfD-nin həmsədrləri Alisa Vaydel və Tino Xrupalla 2027-ci ildə Rusiyanın dövlət fondunun rəhbəri və Prezident Vladimir Putinin iqtisadi məsələlər üzrə müşaviri Kirill Dmitriyevlə görüşməyi planlaşdırırlar. Mənbələrdən biri bildirib ki, görüş yalnız Rusiya ilə Ukrayna arasında sülh çərçivəsi barədə razılıq əldə olunacağı təqdirdə keçirilə bilər. Təşkilatçılar görüşdə AfD, Rusiya və ABŞ nümayəndələrinin bir araya gəlməsini nəzərdə tuturlar. Sammit üçün İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Hindistan mümkün məkanlar kimi nəzərdən keçirilir. Bildirilib ki, görüşdə Rusiyadan Almaniyaya qaz tədarükünün bərpası, o cümlədən "Şimal axını" qaz kəmərlərinin yenidən işə salınması məsələsinin müzakirə olunması planlaşdırılır. Xatırladaq ki, sentyabrın 6-da AfD Saksoniya-Anhalt əyalətində keçirilən seçkidə birinci olub. Bu, partiyanın əyalət səviyyəsində hökumətin formalaşdırılması imkanını əldə etdiyi ilk belə nəticədir. Bundan sonra AfD-nin həmsədri Tino Xrupalla partiyanın Rusiya ilə münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirib.
Mənbə
oxu.az