Dünya
Nişanlısı 50 milyon dollar istədi, milyarder qərar üçün süni intellektə müraciət etdi
"Forbes" nəşrinin qiymətləndirməsinə görə, sərvəti 8.5 milyard dollar olan çinli milyarder və "Tron" kriptovalyuta platformasının rəhbəri Castin San nişanlısı, aktrisa Tszin Tyan üçün ödədiyi başlıq pulunun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə RBC məlumat yayıb. Kriptomaqnat avqustun sonlarında "X" sosial şəbəkəsində "Mənim sevgilim Tszin Tyan" adlı paylaşım edərək sevgi hekayəsindən bəhs edib. Lakin sonda bunun "tamamilə uydurma" olduğunu qeyd edib. Elə həmin gün çinli vəkil Çjan Tsihuay bildirib ki, Tszin Tyan və onun valideynlərindən başlıq pulu kimi alınan 4.5 milyon dolların geri qaytarılması tələbi ilə məhkəməyə iddia qaldırılıb. Castin San pulun geri qaytarılması ilə bağlı iddia qaldırdığını təsdiqləyib. O, həmçinin aktrisa ilə evlənməyi planlaşdırdığını bildirib. 35 yaşlı San paylaşımında aktrisaya hələ tələbəlik illərindən aşiq olduğunu vurğulayıb. İlk görüşləri barədə danışan milyarder qeyd edib ki, "Zootopiya 2" cizgi filminə baxmaq üçün bütöv bir kinoteatrı icarəyə götürüb. Onun sözlərinə görə, bu, Tszin Tyanın irəli sürdüyü şərt olub. Cütlüyün münasibətlərində gərginliyin aktrisanın ABŞ-də surroqat analıq proseduru üçün 50 milyon dollar tələb etməsindən sonra yarandığı bildirilir. Sanın sözlərinə görə, qərar qəbul etmək üçün o, "Claude" süni intellekt modelinə müraciət edib. Süni intellekt ona bu məbləği aktrisaya verməməyi məsləhət görüb və milyarder də bu tövsiyəyə əməl edib. Castin Sanın paylaşımından sonra 38 yaşlı aktrisa "Weibo" sosial şəbəkəsində "heç vaxt öz sevgisini pula satmayacağını" qeyd edib. O, bu statusun nə ilə bağlı olduğunu açıqlamasa da, qanuna inandığını və "ədalətin, dürüstlüyün qalib gələcəyini" vurğulayıb. Qeyd edək ki, 2024-cü ildə o, "Sotheby's" hərracında divara skoçla yapışdırılmış banana 6.2 milyon dollar xərcləyib, daha sonra isə həmin bananı yeyib. Elə həmin il San ABŞ Prezidenti Donald Trampın "World Liberty Financial" kriptovalyuta layihəsinə 75 milyon dollar sərmayə qoyub. Tszin Tyan isə "Döyüşən çarlıqlar", "Veqasdan Makaoya", "Böyük Sədd", "Polis əhvalatı", "Konq: Kəllə adası" və digər filmlərdəki rolları ilə məşhurluq qazanıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər