Dünya
Nazir, mer, vəkil və təqsirləndirilən şəxs: Raşida Dati 900 min avronu nəyin müqabilində almışdı?
Sentyabrın 16-da Parisin cinayət məhkəməsində Fransanın nüfuzlu siyasi xadimlərindən olan 60 yaşlı Raşidə Datinin işi üzrə prosesə start verilib. O, Sarkozinin prezidentliyi dövründə ədliyyə naziri, Makronun vaxtında isə mədəniyyət naziri vəzifələrində çalışıb. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, məhkəmə Datinin "Renault-Nissan" alyansından 900 min avro vəsaiti hansı əsaslarla əldə etdiyini araşdırır. Avropa Parlamentinin deputatı seçildikdən sonra o, 2009-cu ildə qrupun beynəlxalq səviyyədə, xüsusən də Yaxın Şərq və Məğrib (Afrikanın şimal-qərbi) ölkələrində inkişafına dəstək məqsədilə illik 300 min avroluq müqavilə imzalayıb. Həmin razılaşmanın müddəti iki dəfə uzadılıb. İstintaq orqanlarının qənaətinə görə, bu müqavilə Avropa İttifaqı strukturlarında "Renault"nun maraqlarının ödənişli əsaslarla lobbiçiliyini gizlədə bilərdi ki, bu da Avropa deputatları üçün qanunla qadağandır. Dəlil olaraq hesabatların və məktubların olmaması, həmçinin Datinin avtomobillərin səs-küyü məsələsini Avropa Parlamentinə çıxarılmazdan əvvəl alyansın ovaxtkı rəhbəri Karlos Qonla müzakirə etməsi göstərilir. Sözügedən sənəd 2019-cu ildə Yaponiyada Qonun həbsindən sonra "Renault" şirkətində aparılan axtarış zamanı aşkar edilib. Dati özü isə irəli sürülən ittihamları rədd edərək, fəaliyyətini "işgüzar diplomatiya", o cümlədən Mərakeşin Tancer şəhərindəki zavodla bağlı köməklik adlandırır. Təqsirli bilinəcəyi təqdirdə, onu 10 ilə qədər həbs, 450 min avro məbləğində cərimə və seçkili vəzifələr tutmaq hüququndan məhrumetmə cəzası gözləyir. İş üzrə ikinci təqsirləndirilən şəxs olan Karlos Qon Parisə gəlməyib. 2019-cu ildə Yaponiyadan violonçel qutusunda qaçdıqdan sonra o, Livanda sığınacaq tapıb və məhkəmədən ifadəsinin videobağlantı vasitəsilə alınmasını xahiş edib.
Mənbə
oxu.az