Cəmiyyət
Məmmədli kəndində xəstəxananın işıqsız qalması narahatlıq yaradıb - Səbəb - FOTO - VİDEO
Sabunçu rayonunun Məmmədli kəndində yerləşən modul tipli xəstəxanada elektrik enerjisinin kəsilməsi ilə bağlı narahatlıq yaranıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Bildirilib ki, elektrik enerjisi üç saatdan artıqdır yoxdur: "Xəstəxanada müalicə olunan ağır vəziyyətdəki xəstənin süni tənəffüs dəstəyinə və elektrik enerjisi ilə işləyən həyati vacib tibbi avadanlıqlara ehtiyacı var. Elektrik enerjisinin uzun müddət bərpa olunmaması xəstənin həyatı üçün ciddi təhlükə yaradır". Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib ki, hadisənin baş verməsinə səbəb Məmmədli kəndi ərazisində avtomobilin ərazini qidalandıran 10 min kilovattlıq xəttin bərkidildiyi dayağı zədələməsi olub. "Dərhal həmin dayağın dəyişdirilməsi prosesi başlanılıb. Proses başlamazdan öncə həm sözügedən xəstəxanaya, həm də ərazidəki digər dövlət qurumlarına xəbərdarlıq edilib. Artıq işlər yekunlaşmaq üzrədir, yaxın dəqiqələrdə elektrik enerjisinin verilişi bərpa olunacaq", - deyə məlumatda bildirilir.
Mənbə
oxu.az