Dünya
İlk dəfə "Emporio Armani"nin kreativ direktoru ailədən biri olmadı
Modelyer Dario Vitale "Emporio Armani" moda evinin kreativ direktoru vəzifəsinə gətirilib. Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb. "Armani"dən əvvəl Vitale "Bottega Veneta"da fəaliyyət göstərib, daha sonra isə "Miu Miu"nun kreativ direktoru olub. 2025-ci ildə o, Donatella Versaçeni əvəzləyərək "Versace"nin baş kreativ direktoru təyin edilsə də, həmin ilin dekabrında markanın "Prada" qrupu tərəfindən alınmasından sonra brendi tərk edib. "Həm "Emporio Armani", həm də "Giorgio Armani"də bu ikili vəzifəni tutmaq mənim üçün böyük şərəfdir. Məni öz dünyalarına qəbul etdiklərinə görə Silvana və Leoya dərin minnətdarlığımı bildirirəm. "Armani" onillikləri əhatə edən və moda tarixini yazmağa kömək edən möhtəşəm irsə, eyni zamanda bənzərsiz dizayn dilinə malikdir", - deyə nəşr Vitalenin sözlərini sitat gətirib. Qeyd edək ki, "Emporio Armani" 1981-ci ildə yaradılıb və "Armani" moda evinin daha sərfəli qiymətlər təklif edən xəttidir. "Giorgio Armani" isə brendin əsas və daha bahalı seqmentini təşkil edir. Xatırladaq ki, imperiyanın banisi Corcio Armani 2025-ci ilin sentyabrında 91 yaşında vəfat edib. Dizayner Milandakı evində, yaxınlarının əhatəsində dünyasını dəyişib. O, dünya şöhrətli şirkətini 41 yaşında qurub və yalnız ölümündən bir il əvvəl fəaliyyətini dayandırıb.
Mənbə
oxu.az