Cəmiyyət

Sədrdən dövlət qurumlarına sərt etiraz: Dözmək olmur!

15 Sep 2026, 11:12 1 baxış
Sədrdən dövlət qurumlarına sərt etiraz: Dözmək olmur!

“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli də sahibkarların üzləşdiyi bürokratik maneələrlə bağlı sərt mövqe ortaya qoyub.


Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşdığı statusda bildirib ki, sahibkarların vaxtının böyük hissəsi müxtəlif dövlət qurumlarının yaratdığı əsassız problemlərin aradan qaldırılmasına gedir.


“Səbrin də bir həddi var. Nə qədər olar?! And olsun Allaha, sahibkar artıq öz işi ilə məşğul ola bilmir. Həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir”, – M.Həsənli yazıb.


Assosiasiya sədri Prezident İlham Əliyevin dəfələrlə sahibkar və fermerlərin incidilməməsi, onların fəaliyyətinə maneələrin yaradılmaması ilə bağlı tapşırıqlar verdiyini xatırladıb və sual edib:


“Bəs bu tapşırıqları kim eşitməli və kim icra etməlidir?”


Onun fikrincə, hər hansı dövlət qurumunun sahibkara qanunsuz və əsassız maneə yaratması artıq təkcə bir sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə sahibkarlığın inkişafına yönəlmiş dövlət siyasətinə zidd yanaşmadır.


M.Həsənli bildirib ki, sahibkar dövlətdən əlavə imtiyaz istəmir:


“Sahibkar sadəcə qanunun işləməsini, ədalətli münasibəti və fəaliyyətinə əsassız müdaxilə edilməməsini istəyir”.


Assosiasiya sədri diqqətə çatdırıb ki, sahibkara yaradılan hər bir süni problem sonda onun maliyyə vəziyyətinə, istehsala, iş yerlərinə və vergi ödənişlərinə də təsir edir.


Onun sözlərinə görə, sahibkarı əsassız şəkildə zərərə salmaq istehsal imkanlarını zəiflədir, iş yerlərini risk altına atır və büdcəyə daxilolmalara da mənfi təsir göstərə bilər.


“Unutmaq olmaz ki, sahibkarın zərəri yalnız sahibkarın şəxsi problemi deyil. İstehsal azalırsa, məşğulluq azalır; müəssisənin gəliri azalırsa, büdcəyə ödənilən vergilər də risk altına düşür”, – M.Həsənli vurğulayıb.


O hesab edir ki, sahibkarın vaxtını bürokratiya və süni maneələrlə mübarizəyə deyil, istehsala, inkişafa və yeni iş yerlərinin yaradılmasına sərf etməsinə şərait yaradılmalıdır.


“Sahibkara problem yaratmaq yox, işləməsinə şərait yaratmaq lazımdır”, – deyə Mürvət Həsənli qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər