Dünya
Bəşər Əsədin qohumu Livanda saxlanılıb: Dəməşq onun ekstradisiyasını istəyir
Suriya rəhbərliyi Livandakı məhkəmə orqanlarına müraciət edərək, sabiq prezident Bəşər Əsədin əmisi oğlunun övladı, hazırda həbsdə olan Süleyman Hilal Əsədin ekstradisiyasını tələb edib. Oxu.Az-ın "L'Orient-Le Jour" nəşrinə istinadən verdiyi məlumatına görə, o, sentyabrın 11-də Bekaa vadisində Livan ordusunun narkomafiyaya qarşı keçirdiyi əməliyyat zamanı ələ keçirilib. Hərbi kəşfiyyat xidmətinin əməkdaşları tərəfindən dindirilən şəxs daha sonra məhkəmə orqanlarına təhvil verilib. Qeyd edək ki, sentyabrın 2-də Livan ərazisində ələvi icmasından olan gənclərə hərbi təlim keçən Suriya ordusunun sabiq zabitlərindən ibarət qrup da saxlanılmışdı. Avqustun 14-də isə daxili münaqişə illərində hərbi cinayətlər törətməkdə ittiham olunan keçmiş Suriya generalı Adel İsa Livandan deportasiya edilib. Onun Suriya hökumətinə təhvil verilməsi qərarı axtarışda olan vətəndaşların ekstradisiyasını nəzərdə tutan məhkəmə əməkdaşlığına dair ikitərəfli razılaşma əsasında qəbul edilmişdi.
Mənbə
oxu.az