Dünya
Bolqarıstanda hərbi zavodun anbarlarında yanğın və partlayışlar baş verib
Gecə saatlarında Bolqarıstanın Tryavna şəhəri yaxınlığındakı Sareva-Livada kəndi ərazisində yerləşən "Emko" hərbi zavodunun anbarlarında partlayışlarla müşayiət edilən yanğın hadisəsi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "Nova" telekanalı yerli administrasiyaya istinadən məlumat yayıb. Məlumata görə, anbarların mühafizə xidməti təxliyə edilib, hadisə yeri mühasirəyə alınıb və milli fövqəladə xəbərdarlıq sistemi işə salınıb. İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri üçün heç bir təhlükə yoxdur. Hazırda əraziyə fövqəladə hallar xidmətləri cəlb olunub. Telekanalın məlumatına görə, müəssisənin ərazisindən silsilə partlayış səsləri eşidilir və yanğının başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, bu, son bir ay ərzində "Emko" anbarlarında baş verən ikinci belə hadisədir. Avqustun 10-da Belitsa kəndi yaxınlığındakı sursat anbarında da oxşar insident baş vermiş və həmin vaxt da xəsarət alan olmamışdı.
Mənbə
oxu.az