Dünya

Tramp İrana qarşı daha sərt olacağını istisna etmədi

12 Sep 2026, 09:13 3 baxış
Tramp İrana qarşı daha sərt olacağını istisna etmədi
ABŞ Prezidenti Donald Tramp Konqresə noyabrda keçiriləcək seçkidən dərhal sonra İrana qarşı müharibəni yekunlaşdırmaq niyyətində olduğunu bir daha bəyan edib. Bununla belə, o, respublikaçıların məğlub olacağı təqdirdə Vaşinqtonun münaqişəyə yanaşmasının daha da sərtləşə biləcəyini istisna etməyib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Fox News" telekanalına müsahibəsində bildirib. "Müharibə aralıq seçkidən dərhal sonra bitəcək", - deyə vurğulayıb. Telekanalın jurnalist Lora İnqrem bunun həm respublikaçıların qələbəsi, həm də məğlubiyyəti halında baş verib-verməyəcəyini dəqiqləşdirməyi xahiş edib. ABŞ prezidenti isə belə cavab verib: "Məncə, bir çoxları düşünür ki, əgər biz (respublikaçılar - red.) uduzsaq, mən daha çox qəzəblənəcəyəm və sadəcə olaraq bu məsələni birdəfəlik həll edəcəyəm. Bu da bir variantdır. Hər bir halda, iranlılar məğlubiyyətə uğrayacaqlar". Bundan əvvəl dövlət başçısı İranla müharibənin noyabrda Konqresə keçiriləcək seçkidən dərhal sonra, bəlkə də ondan əvvəl başa çatacağına əminliyini ifadə etmişdi. Qeyd edək ki, qanunverici orqana aralıq seçkisi noyabrın 3-də baş tutacaq. Səsvermə nəticəsində Senatın 100 üzvündən 33-ü, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər