Siyasət

Çin və ABŞ arasında qlobal liderlik savaşı şiddətlənir - Kim udacaq?

10 Sep 2026, 18:48 1 baxış
Çin və ABŞ arasında qlobal liderlik savaşı şiddətlənir - Kim udacaq?
Çinin avqust ayı üzrə xarici ticarət göstəriciləri açıqlanıb. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 25, idxal isə 28.2 faiz artıb. Aylıq xarici ticarət profisiti 119.1 milyard dollara çatıb. Beləliklə, 2026-cı ilin əvvəlindən Çinin ümumi ticarət profisiti təxminən 806 milyard dollara yüksəlib. İxracın artımı iqtisadçıların 23.8 faizlik proqnozunu üstələyib. İdxalın artımı isə gözləntilərdən aşağı olub. Çin ilə ABŞ arasındakı ticarət profisitinin 44 faiz artması da məlumatlarda diqqət çəkən məqamdır. Çinin ABŞ-yə ixracı da illik 34.4 faiz artıb. Faktiki Çinin nəhəng ticarət profisiti artıq iqtisadi deyil, geosiyasi məsələyə çevrilib. Bəs bu rəqəmlər qlobal ticarət və siyasət üçün hansı nəticələr yarada bilər? Vaşinqton-Pekin ticarət münasibətlərində yeni gərginlik yaranması mümkündürmü? Siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova Oxu.Az-a açıqlamasında deyib ki, ABŞ-Çin ticarət müharibəsi XX əsrin reallığıdır:
"Bu, sadəcə tariflər və ticarət balansına təsir göstərmir və yaxud da iqtisadi mübahisələrlə özünü büruzə verməyib. Mənzərə iki böyük güc arasında daha geniş geosiyasi və geoiqtisadi rəqabət çərçivəsi müəyyənləşdirir. ABŞ Prezidenti Donald Trampın Çinə səfəri siyasi diskursda "idarəolunan ticarət modeli" baxımından müəyyən ümidlər versə də, indiki durum ondan xəbər verir ki, tərəflər arasında fundamental fikir ayrılıqları qalır. ABŞ-nin qarşılıqlılıq, dövlət subsidiyaları, texnoloji rəqabət, sənaye siyasəti və bazarlara çıxış amillərinə fərqli yanaşması var ki, bu da uzun illərdən bəri razılaşmanın əldə olunmasını kifayət qədər mürəkkəbləşdirir. Buna görə də tarif və ixrac məhdudiyyətləri ilə bağlı yenidən gündəmə gələn məsələlər var. Deməli, strateji sahələrdə iqtisadi fikir ayrılıqları dərinləşəcək. Çin ABŞ-dən asılılığını azaltmaq məqsədi ilə ticarət tərəfdaşlarını, habelə təchizat zəncirlərini şaxələndirir". "Digər məsələlərdən biri ondan ibarətdir ki, Çin regional əməkdaşlığı genişləndirir və bazarları liberallaşdırmağa çalışır. Bu istiqamətdə "Bir kəmər, bir yol", Orta dəhliz layihələri əsas mexanizmlər kimi üzə çıxır ki, bu da yeni strategiyanın əsas alətlərindən biridir. Pekin bununla məhdudlaşmır, hüquqi və institusional cavab mexanizmlərini də gücləndirir. ABŞ-Çin rəqabətinin yaxın perspektivdə aradan qalxacağını gözləmək real deyil. Çünki bazarda Çin məhsullarının daha əlçatan olması səbəbi ilə üstünlük qazandığını görürük. Bazarın orta qüvvədə alıcıları əsasən Çin mallarına üstünlük verir" - müsahibimiz vurğulayıb. O əlavə edib ki, bütün bunlarla yanaşı, mövcud iqtisadi rəqabətin müsbət tərəfləri görünür: "Belə ki, bu qarşıdurma qlobal ticarətin, təchizat zəncirlərinin və beynəlxalq iqtisadi institutların da transformasiyasını hərəkətləndirə bilər. Buna görə də durğunluq deyil, daha çevik addımlara gətirib çıxarda bilər. Yəni ölkələr arasında münaqişədən daha çox siyasi dialoqa, iqtisadi diversifikasiyaya və risklərin idarə olunmasına səbəb ola bilər. Ümumilikdə ABŞ-Çin ticarət müharibəsi sadəcə iqtisadi ziddiyyətlərdən ibarət deyil, iki böyük güc arasında qlobal liderlik uğrunda gedən strateji rəqabətdir".
Çin və ABŞ arasında qlobal liderlik savaşı şiddətlənir - Kim udacaq? Çin və ABŞ arasında qlobal liderlik savaşı şiddətlənir - Kim udacaq?
Mənbə oxu.az

Oxşar Xəbərlər