Dünya
ABŞ və Kanada arasında ticarət müharibəsi: Vaşinqtondan yeni məhdudiyyətlər
ABŞ Prezidenti Donald Trampın Administrasiyası sentyabrın 29-dan etibarən bir sıra Kanada mallarının, o cümlədən müəyyən spirtli içkilərin, süd məhsullarının və motosikletlərin ölkəyə idxalına qadağa qoymaq barədə qərar qəbul edib. Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb. Məlumatlardan aydın olur ki, Kanada tərəfinin ticarət sahəsindəki ayrı-seçkilik hərəkətləri səbəbindən sözügedən malların ABŞ-yə idxalı sentyabrın 29-dan qadağan edilir. Bundan əlavə, Birləşmiş Ştatlar 50 faizlik rüsumların tətbiq ediləcəyi Kanada məhsullarının siyahısını genişləndirib. Bu tədbirlər sentyabrın 15-də qüvvəyə minəcək. Qeyd olunan siyahıya bəzi alüminium və polad məmulatları, həmçinin mebel və kağız daxil edilib. Bununla belə, sement və texniki duz kimi məhsullar siyahıdan çıxarılıb. Sentyabrın 8-də Tramp ABŞ-nin müvafiq qurumlarına Kanada məhsullarını illik 50 milyard dollarlıq dövlət satınalmaları planlarından çıxarmağı tapşırıb. ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir avqust ayında bildirib ki, rəsmi Ottava sərfəli olan ikitərəfli ticarət müqaviləsindən imtina edib. Bununla əlaqədar olaraq, avqustun 22-dən etibarən bəzi Kanada mallarına 50 faizlik ABŞ idxal rüsumları tətbiq edilməyə başlanıb. Kanadanın Baş naziri Mark Karni ABŞ-lə ticarət danışıqlarını dayandırmaq qərarına gəldiyini təsdiqləyib və Ottavanın Birləşmiş Ştatlara qarşı cavab rüsumları tətbiq edəcəyini bəyan edib. Eyni zamanda, Karni ABŞ və Kanada arasında "ticarət müharibəsi"nin başladığını vurğulayıb. O, bu müharibənin Vaşinqton tərəfindən başladıldığını iddia edib. Daha sonra Tramp ABŞ-nin 2027-ci il yanvarın 1-dən Kanada avtomobillərinə, ehtiyat hissələrinə və poladına 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Sentyabrın 8-də isə Ottava cavab addım kimi, ABŞ məhsullarına qarşı yüksək rüsumlar tətbiq edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər