Dünya
Uitkoff Trampın kriptovalyuta layihəsindən külli miqdarda pul qazanıb: Məbləğ açıqlandı
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff 2025-ci ildə 107 milyon dollar qazanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi maliyyə sənədlərinə istinadən məlumat verib. Məlumata görə, pullar Donald Tramp və Uitkoffun ailələri tərəfindən işə salınmış "World Liberty Financial" kriptovalyuta startapında onun payına sahib olan holdinq şirkəti vasitəsilə əldə edilib. O, "World Liberty Financial LLC"dən və digər əsas aktivlərdən daxil olan dəyəri və gəliri açıqlamayıb. Sənədlərdə göstərilir ki, holdinq şirkəti 2024-cü ildə ona 34 milyon dollar gəlir gətirib. Şirkətin strukturuna kurortlar, qolf meydançaları və hotellərin idarə edilməsi üzrə şirkətlər, eləcə də yaşayış daşınmaz əmlak obyektləri daxildir. Uitkoff öz aktivlərinin ümumi dəyərinin 408.7 milyon dollar olduğunu bildirib. Tramp öz oğulları, Uitkoffun oğulları və digər tərəfdaşlar tərəfindən təsis edilən "World Liberty Financial"dan 2025-ci ildə 594 milyon dollardan çox pul əldə edib. Tənqidçilər hesab edirlər ki, Uitkoffun payları maraq konflikti yaradır. Avqust ayına qədər Ağ Evin hüquq müşaviri vəzifəsində çalışan Devid Uorrinqton may ayında bildirmişdi ki, Trampın elçisi "World Liberty Financial" layihəsindən çıxıb və onun maliyyə maraqlarına təsir edə biləcək qərarlarda iştirak etmir.
Mənbə
oxu.az