Dünya

Süd Yolu qalaktikasında Yerə bənzəyən ekzoplanetlər aşkar edilib

09 Sep 2026, 06:36 4 baxış
Süd Yolu qalaktikasında Yerə bənzəyən ekzoplanetlər aşkar edilib
"Süd Yolu qalaktikasında yerləşən ekzoplanetlər xarakteristikaları və kimyəvi quruluşları baxımından bir-birindən kəskin şəkildə seçilir. Bu planetlər içərisində Yerə və oxşar qrupa aid olan dəmir-daş tərkibli səmavi cisimlər də var". Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun elmi işçisi Vladislava Ananyeva TASS agentliyinə açıqlamasında deyib. Mütəxəssis bildirib ki, planetlər aləmi ulduzlara nisbətən daha zəngin və rəngarəngdir. "Planetlərin tərkibində dəmir və silikatlar ola bilər. Bunlar Yer, Venera, Merkuri və Mars kimi yer qrupu obyektlərini, yəni dəmir-daş əsaslı dünyaları təmsil edir", - deyə alim bildirib. Onun sözlərinə əsasən, səmavi cisimlərin tədqiqi zamanı onların kütləsi, həcmi və istilik göstəriciləri ilə bərabər kimyəvi tərkibləri də mühüm rol oynayır. Ulduzların kimyəvi quruluşu isə adətən bir-birinə çox bənzəyir. "Ulduz inkişafı mərhələsinə aid olan baş ardıcıllıq ulduzlarının əsasını hidrogen və helium təşkil edir. Onların daxilində ağır elementlər mövcud olsa da, kütlə nisbəti adətən iki faizi keçmir. Lakin ekzoplanetlərdə bu struktur tamamilə fərqli ola bilər. Məsələn, bəzi belə planetlər Uran və Neptun kimi, əsasən, buzlardan qurulur və hidrogen-helium qarışığından ibarət kiçik atmosferə malikdirlər. Yupiter və Saturn misalında olduğu kimi, bəzi ekzoplanetlər də hidrogen və heliumdan təşkil oluna bilər. Bununla yanaşı, Süd Yolu qalaktikasında qalınlığı kilometrlərlə ölçülən qlobal okeanlarla əhatə olunmuş "okeanidlər" də kəşf edilib. Həmin səmavi cisimlərin tərkibi yarısı dağ süxurlarından, yarısı isə sudan ibarətdir", - Ananyeva bildirib. Tədqiqatçılar Günəş sistemindəki obyektlərin strukturundan kəskin şəkildə fərqlənən, kimyəvi quruluşu daha qeyri-adi olan planetlərin mövcudluğunu da mümkün hesab edirlər. "Ehtimal ki, kainatda karbonla zəngin daha qeyri-adi dünyalar və planetlər mövcuddur. Məlum olduğu kimi, Yer, Mars və bütövlükdə Günəş sistemi planetlərinin mantiyası silikatlarla zəngindir. Həmin ekzoplanetlərdə isə karbidə bənzər birləşmələrə rast gəlinə bilər. Bunun dəqiq nədən ibarət olduğunu hələlik tam dərk etməsək də, belə bir ehtimal qüvvədədir", - deyə V. Ananyeva qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər