İdman
Skott Maktominey ürəyindən əməliyyat olundu
İtaliyanın "Napoli" klubunun və Şotlandiya milli komandasının tanınmış yarımmüdafiəçisi Skott Maktominey ürəyindən əməliyyat olunub. Oxu.Az xəbər verir ki, bu barədə İtaliya futbol klubunun mətbuat xidməti rəsmi məlumat yayıb. Əməliyyat bu gün səhər saatlarında baş tutub. 29 yaşlı futbolçuya məşqlərə yenidən başlaya bilməsi üçün iki həftəlik istirahət lazım olacaq. Xatırladaq ki, sentyabrın 1-də klub Maktomineydə yüngül aritmiya aşkarlandığı üçün onun əməliyyat ediləcəyini açıqlamışdı. Əməliyyat ürək ritminin pozulmasını aradan qaldırmaq məqsədilə müəyyən toxuma sahələrinə təsir edən az invaziv prosedur olan radiotezlikli ablyasiya üsulu ilə həyata keçirilib. Qeyd edək ki, Maktominey 2024-cü ildə "Mançester Yunayted"dən transfer olunduqdan bəri "Napoli"nin şərəfini qoruyur. Cari mövsümdə o, komandasının heyətində A Seriyasında iki oyunda meydana çıxıb. Debüt mövsümündə İtaliya çempionu adını qazanan və 34 matçda 12 qol vuraraq A Seriyasının ən yaxşı oyunçusu seçilən futbolçu 2025/26 mövsümündə isə ölkə Superkubokunu qazanıb. Şotlandiya yığmasının heyətində Maktominey 2026-cı il dünya çempionatında, eləcə də iki Avropa çempionatında (2020, 2024) iştirak edib. Ümumilikdə milli komandanın heyətində onun aktivində 73 oyun və 15 qol var.
Mənbə
oxu.az