İqtisadiyyat

Avropanın qarşısında klassik dilemma: İnflyasiya, yoxsa iqtisadi artım?

08 Sep 2026, 19:36 4 baxış
Avropanın qarşısında klassik dilemma: İnflyasiya, yoxsa iqtisadi artım?
Avropa Mərkəzi Bankı (AMB) artan inflyasiya təzyiqləri və zəifləyən artım perspektivi arasında ölçülü sərtləşdirmə yanaşması nümayiş etdirərək, uzunmüddətli dövrü əhatə etmədən məhdud çərçivədə faiz artımına gedə bilər. Yaxın Şərqdə gərginliyin neft qiymətlərini yüksəltməsi fonunda qlobal miqyasda güclənən inflyasiya təzyiqləri mərkəzi bankların siyasət imkanlarını məhdudlaşdırır. Enerji xərclərinin artması bu sahədə xarici asılılığı yüksək olan Avropa iqtisadiyyatları üçün risklərin aktual qalmasına səbəb olur. Digər tərəfdən, Hörmüz boğazının blokadasının müddətindən asılı olaraq ikinci faiz artımının mümkünlüyü qeyd edilir. Bəs, hazırkı şəraitdə AMB-nin qarşısında duran əsas dilemma nədir? Enerji və neft qiymətlərindəki artımın Avrozonada inflyasiyaya təsiri nə qədər davamlı ola bilər? Həmçinin, Hörmüz boğazında gərginliyin uzanması və neft qiymətlərinin yüksək qalması AMB-nin əlavə faiz artımı qərarını nə dərəcədə dəyişə bilər? Mövzu ilə bağlı Oxu.Az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, ənənəvi mərkəzi bankların qarşısında duran dilemma klassik dilemmadır:
"Mərkəzi banklar onsuz da faiz qərarları verəndə inflyasiya ilə iqtisadi artım arasında, həmin balansı qorumağa çalışırlar ki, inflyasiya çox qalxmasın, iqtisadi artım da zədələnməsin. İndi enerji qiymətləri müxtəlif səbəblərdən artır. Enerji qiymətlərinin yüksəlməsi də avtomatik olaraq inflyasiyanı artırır. İnflyasiyanı artıranda da əhalinin real gəlirləri aşağı düşür. Həm də inflyasiyanın yüksəlməsi şirkətlərin xərclərini də artırır və avtomatik olaraq məhsul istehsalı xərcləri artırsa, yeni sahələr açmağa, investisiya yatırmağa pul qalmır. Bu da iqtisadi aktivliyə ziyan vurur. Buna görə də Avropa Mərkəzi Bankı balanslı reaksiya vermək istəyir və faiz dərəcələrini də ona görə artırırlar ki, inflyasiyanı nəzarət altına alsınlar. Amma buradakı əsas çətinlik odur ki, faiz dərəcələri nə qədər artırsa-artsın, neftin qiymətlərinə təsir edə bilmir. Çünki neftin qiymətlərinin təsirləri iqtisadi deyil, daha çox hərbi mənşəlidir. Ona görə də Mərkəzi Bank həm inflyasiyanın nəzarətdən çıxmamasını istəyir, həm də lazımdır ki, iqtisadi artım çox ləngiməsin". Enerji və neft qiymətlərinin artımının Avrozona inflyasiyasına nə qədər davamlı ola biləcəyindən danışan ekspert vurğulayıb ki, neft qiymətinin qalxıb-düşməsindən daha çox, davamlı yüksək səviyyədə qalması problemdir: "Məsələn, uzun müddətdir ki, neft 80 dolların üzərindədir. Daşıyıcılar, istehsalçılar da baxırlar ki, neft qiymətləri elə uzun müddət yüksək qalacaqsa, qiymətləri artırmağa başlayırlar. Yox, görəndə ki, bu, müvəqqəti və epizodik xarakterlidir, onda öz mənfəətlərinin azalmasına göz yuma bilirlər. Hörmüz boğazında gərginliyin uzanması və neft qiymətlərinin yüksək qalmasınin AMB-nin əlavə faiz artımına getmə ehtimalına gəlincə, inflaysiyanın sürətlənməsi Avropa Mərkəzi Bankının pul siyasətinin sərtləşdirmə ehtimalını artırır. İnflyasiya qalxdıqca pul siyasəti sərtləşdirilir ki, inflyasiya daha da sürətlənməsin. Amma burada hədəf kimi qarşısına təkcə inflyasiyanı qoymur, şirkətlərin iş yeri yaratması məsələsi kimi məqamlar da diqqət mərkəzində olur. Bu baxımdan, neft qiymətlərinin yüksək olması pul siyasətini daha da sərtləşdirə bilər", - deyə ekspert vurğulayıb.
Avropanın qarşısında klassik dilemma: İnflyasiya, yoxsa iqtisadi artım? Avropanın qarşısında klassik dilemma: İnflyasiya, yoxsa iqtisadi artım?
Mənbə oxu.az

Oxşar Xəbərlər