İdman
Tellur Mütəllimov: "Xəyal etdiyim şey iki il sonra gerçəkləşdi" - VİDEO
"Sabah" klubunun futbolçusu Tellur Mütəllimov komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi ilə bağlı maraqlı açıqlamalar verib. Oxu.Az xəbər verir ki, istedadlı müdafiəçi Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə verdiyi müsahibədə hələ iki il öncə "Qarabağ"ın çıxışlarını izləyərkən qitənin ən nüfuzlu klub turnirində oynamaq xəyalları qurduğunu etiraf edib. "İki il öncə "Qarabağ"ın oyununa baxırdıq. O zaman öz-özümə dedim ki, görəsən, nə vaxtsa biz də çempion olarıqmı, mən də "Qarabağ"ın oyunçuları kimi Çempionlar Liqasında oynaya bilərəmmi? Xəyal etdiyim şey iki il sonra gerçəkləşdi", - deyə futbolçu hisslərini bölüşüb. T.Mütəllimov "Hapoel Beer Şeva" ilə qarşılaşdıqları pley-off mərhələsinin gərgin keçən cavab matçında 90+4-cü dəqiqədə fərqlənərək oyunu əlavə vaxta daşıyan həlledici qolu barədə də danışıb: "Oyundan əvvəl ayağımda zədə vardı. Yüngül deyildi, ağır idi. Oyun günü gördüm ki, ağrı bir az çoxdur. Amma dedim ki, ən azı bu zədə ilə yarım saat, bir saat ehtiyat skamyada otura bilərəm. Çünki ehtiyat skamyada oturacağımız dəqiqləşmişdi. 87-ci dəqiqədə Zedadka zədələndikdən sonra məşqçimiz mənə dedi ki, "Hazırlaş, sən çıxacaqsan". Ayağımın ağrıdığını onlara deməmişdim. Bir az düşündüm ki, bu ayaqla necə oynayacağam. Çünki ağrı çox idi. Zədəni deməmişdim. Deyirəm, yəqin ki, buna görə məni bağışlayarlar. Düşünürdüm ki, 5 dəqiqə də olsa, oynamalıyam. Son dəqiqələrdə vurulan qolun ləzzəti bir az başqa olur", - deyə T.Mütəllimov bildirib. Qeyd edək ki, "Hapoel Beer-Şeva" üzərində qələbə qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə edən "Sabah" klubu liqa mərhələsində ilk matçını sentyabrın 10-u Bakı vaxtı ilə saat 23:00-da "Mançester Yunayted"ə qarşı keçirəcək.
Mənbə
oxu.az