Dünya

Aİ Qrenlandiyanın infrastruktur layihələrinə 200 milyon avro ayırır

08 Sep 2026, 11:32 4 baxış
Aİ Qrenlandiyanın infrastruktur layihələrinə 200 milyon avro ayırır
Avropa İttifaqı (Aİ) Danimarka ilə birgə tərəfdaşlıq proqramları çərçivəsində Qrenlandiyanın infrastruktur layihələrinə 200 milyon avro vəsait ayırır. Oxu.Az RBC-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsenlə görüşü zamanı bildirib. Tərəflər əməkdaşlığa dair birgə bəyannamə imzalayıblar. Fon der Lyayenin sözlərinə görə, bu sənəd təkcə Qrenlandiyanın Aİ ilə əlaqələri gücləndirmək istəyini deyil, həm də Avropanın Qrenlandiya və Arktika məsələlərində daha fəal iştirak etmək niyyətini nümayiş etdirir. AK rəhbəri Aİ-Qrenlandiya tərəfdaşlıq paketini elan edərək qeyd edib: "Söhbət bu və növbəti il ərzində Qrenlandiyaya yatırılacaq 200 milyon avroluq yeni investisiyalardan gedir. Bu tərəfdaşlıq tədbirləri paketi əsasən üç strateji prioritet istiqamətə yönəlib: rabitə, təmiz enerji və kritik əhəmiyyətli xammal ehtiyatları". Bununla əlaqədar olaraq, fon der Lyayen Qrenlandiyada peyk rabitəsinin təkmilləşdirilməsi üzrə birgə layihəni xatırladıb. Layihə sayəsində yaxın vaxtlarda adanın şimalındakı yaşayış məntəqələri sürətli internetlə təmin olunacaq. Avropa Komissiyasının rəhbəri əlavə edib ki, oktyabr ayınadək Qrenlandiyanın şərqindəki ucqar ərazilərdə də sürətli və keyfiyyətli internet əlçatan olacaq. İnvestisiya paketi çərçivəsində Qrenlandiyada yeni su elektrik stansiyalarının inşası da nəzərdə tutulur. Həmçinin, Brüssel və Nuuk Malmbyerqdə molibden hasilatı layihəsi üzərində işləyirlər. Fon der Lyayenin qənaətinə görə, bu, Qrenlandiyaya ildə əlavə olaraq 90 milyon avroya qədər gəlir gətirə bilər. "Bundan başqa, biz kritik xammal sahəsində mühüm əhəmiyyət kəsb edən Amitsoqda qrafit hasilatı üzrə "GreenRoc" layihəsinin hazırlıq işlərini də maliyyələşdiririk", - deyə o vurğulayıb. Eyni zamanda, AK sədrinin sözlərinə görə, 2034-cü ilə qədər Aİ-nin Qrenlandiya üçün maliyyə vəsaitinin iki dəfədən çox artırılaraq 530 milyon avroya çatdırılması təklif edilib: "Biz tərəfdaşlığımızın uzunmüddətli perspektivdə inkişaf etməsini istəyirik".
Mənbə oxu.az

Oxşar Xəbərlər