Dünya
Kiyevdə ABŞ rəsmiləri ilə danışıqlara qatılan Avropa təmsilçilərinin kimliyi bilindi
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və kürəkəni Cared Kuşnerin iştirakı ilə sentyabrın 6-da Kiyevdə baş tutan danışıqlarda Fransa lideri Emmanuel Makronun diplomatik məsələlər üzrə müşaviri Emmanuel Bonn, Almaniya Kansleri Fridrix Mertsin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Günter Zautter, həmçinin Böyük Britaniya hökumət başçısının milli təhlükəsizlik müşaviri Conatan Pauell də iştirak ediblər. Oxu.Az xəbər verir ki, bu məlumatı "Le Monde" qəzeti yayıb. Nəşrin bildirdiyinə görə, bu rəsmilərin prosesdə iştirakı böyük önəm daşıyıb. Məqalədə xüsusilə vurğulanır ki, Avropa dövlətləri ilə Moskva arasındakı gərginlik səviyyəsinin yüksək qalması və Rusiya ilə aparılacaq danışıqların formatının naməlum olması səbəbindən avropalılar özlərini çətin vəziyyətdə hiss edirlər. "Avropa dövlətlərinin tamhüquqlu iştirakı təmin edilmədən Avropanın gələcək təhlükəsizlik arxitekturasını müzakirə etmək qeyri-mümkündür", - deyə Fransa təmsilçilərinə yaxın olan mənbəyə istinadən yazıda qeyd edilir. Xatırladaq ki, Ukraynadakı münaqişənin həlli yollarını müzakirə etmək məqsədilə Uitkoff və Kuşner sentyabrın 6-da Ukraynanın paytaxtına səfər ediblər. Səfər çərçivəsində onların Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü baş tutub. "Reuters" agentliyinin yaydığı məlumata əsasən, Britaniya, Fransa və Almaniyanı təmsil edən rəsmilər Uitkoff və Kuşnerlə planlaşdırılan görüşlərdən öncə Kiyevə çatıblar. Həmin nümayəndələrin səfərini Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov da təsdiqləyib. Sonradan verilən məlumatlarda bildirilib ki, Uitkoff və Kuşnerin Kiyev səfəri gedişatında danışıqlar prosesinin bir mərhələsi məhz Böyük Britaniya, Fransa və Almaniya tərəflərinin iştirakı ilə təşkil olunub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər