İdman

"Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO

07 Sep 2026, 12:44 1 baxış
"Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO
"Sabah" futbol klubu uşaq futbolunun davamlı inkişafını təmin etmək məqsədilə 10 milyon manatlıq "Sabah Football Academy Future Talents" ("Sabah Futbol Akademiyası Gələcəyin İstedadları") proqramı yaradacaq. Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 27 avqust 2026-cı il tarixli Sərəncamı ilə "Sabah" klubuna UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə 5 milyon manat ayrılıb. "Sabah" isə həmin vəsaitə əlavə olaraq öz vəsaitindən daha 5 milyon manat ayıracaq. Beləliklə, proqramın ilkin kapitalı 10 milyon manat təşkil edəcək. Klubun məqsədi əsas vəsaiti xərcləmək deyil, onu qorumaq və artırmaqdır. Vəsait peşəkar şəkildə idarə olunacaq, əldə ediləcək gəlirlər isə uzunmüddətli perspektivdə gənc futbolçuların inkişafına yönəldiləcək. Həmçinin bu il Çempionlar Liqasında keçiriləcək oyunlara bilet satışından əldə olunan gəlirin bir hissəsinin də proqrama ayrılması nəzərdə tutulur. Proqram çərçivəsində futbol infrastrukturunun inkişaf etdirilməsi, istedadlı uşaqların aşkarlanması və peşəkar hazırlığı, müasir məşq metodlarının tətbiqi, idman elmi, tibbi təminat, performans analitikası, təhsil və fərdi inkişaf istiqamətlərinin gücləndirilməsi planlaşdırılır. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Oxu.Az-a açıqlamasında "Sabah"ın təşəbbüsünü yüksək qiymətləndirib:
"Qərarla tanış oldum və çox sevindim. Belə addımlara ehtiyac var və düşünürəm ki, onların sayı daha çox olmalıdır. Akademiyalarda yüksəksəviyyəli futbolçuların yetişməsi üçün düzgün şərait yaradılmalıdır. AFFA-nın da "Bayıl Arena"da akademiya yaratmaqla bağlı planları var. Orada uşaqların qalması, qidalanması, təhsil alması və digər şəraitlərin yaradılması çox vacibdir. "Sabah"ın həm əsas komanda, həm də akademiya haqqında düşünməsi çox yaxşı haldır. Mən bunu Azərbaycan futbolu üçün ən yaxşı qərarlardan biri hesab edirəm və uğurlar arzulayıram. Düşünürəm ki, bunun nəticələrini 4, 5, hətta 6 ildən sonra görə bilərik. Əsas odur ki, yaxşı futbolçular üzə çıxsın". Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədov da Oxu.Az-a layihənin əhəmiyyəti barədə danışıb:
"Son illərdə Azərbaycanda futbola diqqət artıb. U-20-lər arasında dünya çempionatına və ilk dəfə keçiriləcək U-15 dünya çempionatına Bakının ev sahibliyi etməsi prezident İlham Əliyevin futbola xüsusi diqqətinin göstəricisidir. Klub futbolunda da inkişafı görürük. Uzun müddət "Qarabağ"ın beynəlxalq arenadakı uğurlarından danışırdıq. İndi isə qısa müddətdə "Sabah"ın Çempionlar Liqasının liqa mərhələsinə yüksəlməsi Azərbaycan və klub futbolu üçün böyük uğurdur. Prezidentimiz uğur qazanan klubları mükafatlandırır və onlardan həm klub futbolunun, həm də uşaq futbolunun inkişafını gözləyir. "Sabah"ın dövlət tərəfindən ayrılan 5 milyon manata öz vəsaitindən daha 5 milyon manat əlavə etməsi və 10 milyon manatı məhz uşaq futboluna yönəltməsi çox müsbət haldır. Bu, klubun yalnız əsas komanda haqqında deyil, akademiya və gələcək haqqında da strateji düşündüyünü göstərir. "Sabah" yarandığı gündən akademiyaya diqqət ayırıb. Müxtəlif yaş qrupları formalaşdırılıb, beynəlxalq oyunlarda və turnirlərdə iştirak edilib. Uşaq futbolunda nəticə əldə etmək üçün isə vaxt və investisiya lazımdır. Bu gün qoyulan sərmayə gələcəkdə öz bəhrəsini verə bilər. Ümid edirəm ki, bu təşəbbüs digər klublar üçün də nümunə olacaq. AFFA da uşaq futboluna diqqət ayırır. Məsələn, klublara maliyyə yardımı göstərilərkən həmin vəsaitin müəyyən hissəsi uşaq futboluna yönəldilir. Milli komandalarımızda da gənc futbolçulara diqqət artır. Bu istiqamətdə yeni addımların atılması Azərbaycan futbolunun gələcəyi baxımından çox vacibdir". 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-18) komandasının baş məşqçisi Mahmud Qurbanov da Oxu.Az-a açıqlamasında "Sabah"ın qərarını təqdirəlayiq addım kimi qiymətləndirib:
"Əslində, uşaq futboluna maliyyənin ayrılması çox gözəldir. "Sabah"ın bu yaxınlarda 10 milyon manat vəsaiti uşaq futboluna ayırması əladır. Çünki bizdə uşaq futbolunun inkişafı həmişə aktual olub və artıq bu istiqamətdə qəti addımlar atılır. 10 milyon manat uşaq futbolu üçün böyük məbləğdir. "Sabah"ın bu addımı təqdirəlayiqdir və yaxşı qarşılanmalıdır. Bu, ümumilikdə uşaq futbolunun problemlərinin aradan qaldırılması, akademiyaların və uşaq futbolunun düzgün inkişafı üçün çox böyük addımdır. Məncə, 10 milyon manat vəsaitlə uşaq futbolunun inkişafı üçün konkret olaraq çox iş görmək mümkündür. Bu planı, layihəni və uşaq futboluna bu qədər vəsaitin ayrılmasını təqdirəlayiq hesab edirəm. "Sabah" klubu akademiyalara və uşaq futboluna böyük önəm verir. Düşünürəm ki, klub bunun da öhdəsindən gələcək". İdman jurnalisti Kənan Məstəliyev isə Oxu.Az-a açıqlamasında "Sabah"ın təşəbbüsünün digər klublar üçün də nümunə olmalı olduğunu deyib:
"Sabah"ın bu addımı nümunəvi və təqdirəlayiqdir. Düşünürəm ki, bu, digər klublar və futbolla bağlı qurumlar üçün də örnək olmalıdır. Çünki uşaq futbolu milli futbolun inkişafının təməlidir və əsas göstəricilərdən biridir. Təəssüf ki, Azərbaycanda klubların uşaq futboluna münasibəti hələ yaxşı səviyyədə deyil. Premyer Liqada mübarizə aparan klubların, demək olar ki, heç birinin tam mənada düzgün qurulmuş akademiyası yoxdur. İnfrastrukturla bağlı ciddi problemlər var. Bəzən uşaq liqalarında oyunların keçirildiyi meydançalar futbol oynamaq üçün belə uyğun olmur. Təəssüf ki, uşaq futbolu əsas komandadan sonra ikinci, hətta üçüncü planda qalır. Ona görə də "Sabah"ın cənab Prezident İlham Əliyevin ayırdığı 5 milyon manata öz vəsaitindən daha 5 milyon əlavə etməsi və ilkin kapitalı 10 milyon manata çatdıraraq xüsusi olaraq uşaq futboluna yönəltməsi çox vacib addımdır. Ümid edirəm ki, digər klublar da bu təşəbbüsdən nümunə götürəcək və "Sabah"ın addımını bir başlanğıc kimi qəbul edəcəklər. "Sabah", onsuz da, Azərbaycanda uşaq futbolu, infrastruktur və uşaqların, məşqçilərin beynəlxalq təcrübə qazanması baxımından ən yaxşı klublardan biridir. Uşaqların müxtəlif turnirlərdə iştirakı, xarici akademiyalarla əlaqələrin qurulması baxımından da işlər görülür. İndi maliyyənin artırılması təkcə "Sabah"a deyil, ümumilikdə Azərbaycan uşaq futboluna və milli komandaya töhfə verə bilər. Bu təşəbbüs dəstəklənməlidir və digər klublar da buna qoşulmalıdır. Uşaq futboluna nə qədər çox investisiya qoyulsa, gələcəyimiz də bir o qədər parlaq olacaq və istədiyimiz nəticələri daha tez görə bilərik". Qeyd edək ki, "Sabah" proqram çərçivəsində ölkə üzrə istedadların aşkarlanması sistemini genişləndirməyi, uşaqların yaşadıqları regiondan və ailələrinin maddi imkanlarından asılı olmayaraq bərabər inkişaf imkanları yaratmağı hədəfləyir. Klub, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrindəki akademiyalar, futbol məktəbləri və klublarla əməkdaşlığı genişləndirməyi planlaşdırır.
"Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO "Sabah"ın uşaq futbolu layihəsi: Nəticəni neçə il sonra görəcəyik? - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər