Cəmiyyət

Bakıda taksi xidmətləri niyə bahalaşıb?

07 Sep 2026, 13:43 3 baxış
Bakıda taksi xidmətləri niyə bahalaşıb?

Taksi xidmətlərində qiymət artımı yenidən gündəmdədir. Sərnişinlər bildirirlər ki, son günlər tariflər təkcə pik saatlarda deyil, günün demək olar ki, bütün saatlarında əvvəlkindən daha yüksəkdir. Bəs qiymətlərin artmasına səbəb nədir?


Məsələ ilə bağlı “Bolt” şirkətinin PR meneceri Nigar Kazımova Axar.az-a açıqlamasında bildirib ki, “Bolt” tətbiqi vasitəsilə sifariş olunan səfərlər üzrə qiymətlərin formalaşmasına eyni zamanda bir neçə amil təsir göstərir.


Onun sözlərinə görə, bunlara tələbatın səviyyəsi, günün saatı, yol şəraiti və tıxaclar, ərazidə mövcud sürücülərin sayı, marşrut üzrə vaxt itkisi və səfərin ümumi müddəti daxildir.


“Bəzi hallarda qısa məsafəli - məsələn, 2 km-lik səfərlər yüksək tələbat olan saatlarda və ya tıxaclı ərazilərdə həyata keçirildiyi üçün qiymət daha yüksək görünə bilər. Eyni zamanda, 7-8 km məsafəli, lakin daha rahat və sürətli marşrut üzrə edilən səfərlərin qiyməti oxşar səviyyədə formalaşa bilər.


Bundan başqa, müxtəlif xarici amillərin təsiri ilə bəzi hallarda qiymətlərdə artım müşahidə oluna bilər. Bu yanaşmanın əsas məqsədi sürücülərin gəlirlərini qorumaq, onların qazancının azalmasının qarşısını almaq və platformada fəaliyyətlərini davamlı və məmnun şəkildə təmin etməkdir.


“Bolt”un dinamik qiymət mexanizmi sürücülər üçün ədalətli qazancı təmin etməyi və sərnişinlər üçün xidmətin fasiləsiz və əlçatan qalmasını hədəfləyir”, - açıqlamada qeyd olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər