Siyasət

Alfa.lt: Aİ Ermənistandakı siyasi xaosu görmür, Azərbaycana qarşı isə daha sərt mövqe tutur

07 Sep 2026, 11:16 2 baxış
Alfa.lt: Aİ Ermənistandakı siyasi xaosu görmür, Azərbaycana qarşı isə daha sərt mövqe tutur
2026-cı il sentyabrın 1-də Ermənistanın keçmiş maliyyə naziri və Dövlət Gəlirləri Komitəsinin sabiq rəhbəri Qagik Xaçatryan məhkəmə zalına xərəkdə gətirilib. Onun müdafiəçilərinin sözlərinə görə, sabiq nazir ağır onurğa xəstəliyindən və şiddətli ağrılardan əziyyət çəkir. Ermənistan İstintaq Komitəsi tərəfindən o, xüsusilə külli miqdarda rüşvət almaqda və çirkli pulların yuyulmasında təqsirləndirilir. Oxu.Az Alfa.lt-yə istinadən xəbər verir ki, bu məlumatı bolqarıstanlı jurnalist və geosiyasi təhlilçi Todor Belenski öz məqaləsində qeyd edib. Məqalədə vurğulanır ki, Q.Xaçatryanın məhkəmə işi Ermənistanın baş naziri Nikol Paşinyanın rəqiblərinə qarşı açılmış cinayət işləri zəncirinin, sadəcə, bir hissəsidir.
Avqustun 25-də sabiq prezident Robert Koçaryan və onun böyük oğlu Sedrakın ailələri ilə əlaqəli şirkətlərdəki axtarışlardan sonra saxlanıldıqları bildirilir. Prokurorluq tərəfindən Koçaryana vəzifə səlahiyyətlərini aşma, rüşvət alma və irihəcmli çirkli pulların yuyulması kimi ittihamlar irəli sürülüb. Sabiq prezidentin sədrlik etdiyi "Ermənistan" bloku isə bu prosesi siyasi sifariş kimi qiymətləndirib. Bundan əvvəl, iyulda digər məşhur müxalifətçi siyasətçi, iş adamı və oliqarx Qagik Sarukyan da həbs edilib. Ona qarşı dələduzluq və qanunsuz yollarla əldə edilmiş vəsaitlərin leqallaşdırılması ittihamları irəli sürülüb. Avqustda, həmçinin erməni apostol kilsəsinin rəhbəri, katolikos II Qaregin və daha altı nüfuzlu din xadimi məhkəmə qarşısına çıxarılıblar. Sözügedən şəxslər vəzifəsindən azad edilmiş bir yepiskopun işə bərpa olunması barədə məhkəmə qərarının icrasına bilərəkdən əngəl törətməkdə ittiham edilirlər. Siyasi mənzərə tam aydındır: müxalif siyasətçilər, keçmiş prezidentlər, onlara yaxın iş adamları, indi isə Ermənistanın milli kilsə rəhbərliyi cinayət təqiblərinin hədəfinə çevrilirlər. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin bu məsələlərə diqqəti Azərbaycanla bağlı situasiyalardan fərqli olaraq xeyli zəifdir. Uzun illər boyu Avropa təsisatları və aparıcı Qərb mediası Bakıda guya insan hüquqlarının pozulduğuna dair iddiaları diqqət mərkəzində saxlayırdı. Avropa Parlamenti mütəmadi olaraq Azərbaycanı hədəfə alırdı. Lakin Ermənistandakı müxalifət nümayəndələrinə və kilsə xadimlərinə qarşı aparılan cinayət işləri beynəlxalq müstəvidə çox cüzi və qeyri-sabit reaksiyalarla müşayiət olunur. Vaşinqtonda Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları mühüm diplomatik uğur olaraq qiymətləndirilir. Bununla paralel olaraq, Brüssel Bakı ilə əlaqələrini daha da genişləndirir. Avropa İttifaqının Azərbaycandakı səfiri Marianna Kuyunciç qısa müddət əvvəl Brüssel-Bakı münasibətlərinin "yeni fazaya" keçdiyini vurğulayıb. Hazırda yeni ikitərəfli müqavilə ilə bağlı müzakirələr aparılır və tərəflər tərəfdaşlıq prioritetlərini əks etdirən yeni sənəd üzrə ilkin razılıq əldə ediblər. Lakin müxtəlif hökumətlərə eyni standartların tətbiq edilib-edilmədiyi məsələsi hələ də sual altındadır. Cənubi Qafqaz regionu taleyüklü mərhələyə daxil olmaqdadır. Azərbaycan və Ermənistan arasında imzalana biləcək sülh müqaviləsi bölgənin gələcəyini köklü surətdə dəyişməyə qadirdir. Bununla belə, seçici yanaşmalar əsasında formalaşan sülh mütləq şəkildə öz siyasi əvəzini tələb edəcək. Əslində isə cavab axtarılan sual daha bəsitdir: nə üçün bəzi qanun pozuntuları qlobal miqyasda rezonans doğurur, digərləri isə sadəcə, ölkədaxili məsələ kimi ört-basdır edilir? Görünür, bunun səbəbi törədilmiş pozuntunun miqyası və ciddiliyindən daha çox, onun hansı hakimiyyət tərəfindən həyata keçirilməsi və yaranmış sükutun kimin maraqlarına xidmət etməsi ilə əlaqədardır.
Alfa.lt: Aİ Ermənistandakı siyasi xaosu görmür, Azərbaycana qarşı isə daha sərt mövqe tutur Alfa.lt: Aİ Ermənistandakı siyasi xaosu görmür, Azərbaycana qarşı isə daha sərt mövqe tutur
Mənbə oxu.az

Oxşar Xəbərlər