İqtisadiyyat
Pərviz Şahbazov: "Qalıq yanacaqlardan tələsik uzaqlaşmaq uğurlu enerji keçidi demək deyil"
"Son enerji böhranı, elektrikləşmə, rəqəmsallaşma və süni intellekt məlumat mərkəzlərinin yaratdığı artan tələbat göstərdi ki, qalıq yanacaqlardan tələsik uzaqlaşmaq uğurlu enerji keçidi demək deyil. Əsas məsələ - təmiz, təhlükəsiz və dayanıqlı enerji sistemini optimal sürətlə qurmaqdır". Oxu.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib. O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un yaratdığı irsi davam etdirərək qlobal iqlim gündəliyinə və yaşıl keçidə töhfə verir: "Bu yeni reallıqda yeni generasiya gücləri ilə yanaşı, elektrik şəbəkələrinin, enerji saxlancının, enerji səmərəliliyinin və qarşılıqlı enerji əlaqələrinin inkişafı da eyni dərəcədə vacibdir. Azərbaycanın COP29 Sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər də məhz bu yanaşmaya əsaslanırdı. Bu günədək 74 ölkə Qlobal Enerji Saxlanması və Şəbəkələr üzrə Öhdəliyə, 70 ölkə Hidrogen Bəyannaməsinə, 64 ölkə isə Yaşıl Enerji Öhdəliyinə qoşulub. Azərbaycanın Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji baxış bizim rəhbər prinsipimizdir: enerji təhlükəsizliyi ilə yaşıl keçidi uzlaşdırmaq, Azərbaycanın mövcud enerji üstünlüklərindən istifadə etməklə dayanıqlı və aşağıkarbonlu enerji sistemi qurmaq və şaxələndirilmiş enerji bağlantıları vasitəsilə ölkəmizin regional yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirmək". Nazir vurğulayıb ki, hazırda təxminən 8 GVt həcmində Günəş və külək enerjisi layihələri həyata keçirilir: "Bununla yanaşı, elektrik şəbəkələri gücləndirilir, enerji saxlanc sistemləri tətbiq olunur və yeni qarşılıqlı enerji bağlantıları inşa edilir. Bu ilin sonunadək yaşıl elektrik enerjisi istehsalının təxminən altı dəfə, Günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağını gözləyirik. Gələn ilin sonunadək təxminən 2 GVt həcmində Günəş və külək enerjisi gücünün şəbəkəyə inteqrasiyası gözlənilir. Bu isə illik 2.4 milyon ton emissiyanın azaldılmasına imkan verəcək. Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yaşıl keçidinin əsas əraziləridir. Burada yenidənqurma, enerji və iqlim siyasətləri bir araya gəlir. Naxçıvanda Yaşıl Enerji Zonası konsepsiyasının həyata keçirilməsi istiqamətində də ardıcıl addımlar atılır". O əlavə edib ki, digər strateji prioritet yaşıl enerjinin regional və regionlararası bağlantılar vasitəsilə beynəlxalq bazarlara çıxarılmasıdır: "Ümumi gücü 3 900 meqavat olan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma layihənin həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyib. 2032-ci ildən etibarən bu dəhlizin ilk mərhələsinin və Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Bağlantısının fəaliyyətə başlaması gözlənilir. Gürcüstan, Zəngəzur dəhlizi və Azərbaycanın Naxçıvan regionu vasitəsilə Türkiyə və Avropaya yeni yaşıl enerji dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində də addımlar atılır. İnkişaf etdirdiyimiz şaxələndirilmiş enerji bağlantıları regionlararası enerji təhlükəsizliyinin gücləndirilməsinə və Azərbaycandan kənarda daha geniş coğrafiyada emissiyaların azaldılmasına töhfə verəcək. COP31-ə doğru irəliləyərkən Azərbaycan enerji keçidi gündəliyinin konkret layihələrə, regional əməkdaşlığa və real emissiya azalmalarına çevrilməsinə kömək etməklə COP29-un irsi üzərində işi davam etdirəcək. Biz hesab edirik ki, gələcəyin enerji sistemi yalnız daha təmiz deyil, həm də daha təhlükəsiz, çevik və dayanıqlı olmalıdır".
Mənbə
oxu.az
Oxşar Xəbərlər