İqtisadiyyat
Fatma Varank: "Bakının iqlim gündəliyinə töhfəsi yalnız bir konfransla məhdudlaşmayıb"
"COP31-in missiyası aydındır: öhdəlikləri nəticələrə, layihələrə və investisiyalara çevirməkdir. Bu səbəbdən COP31 "icra COP-u" kimi tanınır". Oxu.Az xəbər verir ki, bu fikirləri COP31-in vitse-prezidenti, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib. O bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsinin dördüncü dəfə keçirilməsi şəhərin iqlim diplomatiyasındakı rolunu bir daha göstərir: "Bakının iqlim gündəliyinə töhfəsi yalnız bir konfransla məhdudlaşmayıb. 2035-ci ilədək hər il ən azı 300 milyard dollar yeni iqlim maliyyələşməsinin hədəfi COP29-da qəbul edilib. İllik 1.3 trilyon dollara çatmağı nəzərdə tutan Bakıdan Beləmə yol xəritəsi burada formalaşdırılıb. Paris Sazişinin 6-cı maddəsi çərçivəsində karbon bazarlarının qaydaları da Bakıda müəyyənləşdirilib. Bu irs Antalya istiqamətində bizim üçün möhkəm zəmin yaradıb. İyul ayında Şamaxıda keçirilən yüksək səviyyəli görüş danışıqlar qruplarını eyni masa ətrafında bir araya gətirib və etimad yaradıb. Bu həftə Bakıda həmin prosesin növbəti mərhələsini qururuq. COP31 çərçivəsində elan etdiyimiz altı qlobal iqlim hədəfindən üçünü xüsusilə qeyd etmək istəyirəm. Birincisi elektrikləşmədir. "35-ə 35" hədəfi ilə elektrik enerjisinin qlobal son enerji istehlakındakı payını 2035-ci ilədək 35 faizə çatdırmağı hədəfləyirik. İkincisi binalardır. Bina sektorunun enerji intensivliyini 2035-ci ilədək ən azı 25 faiz azaltmağı qarşıya məqsəd qoymuşuq. Üçüncüsü və bəlkə də ən vacibi, qlobal tullantı artımını 2035-ci ilədək yarıya endirməkdir. Türkiyə sıfır tullantı və dövri iqtisadiyyatı iqlim fəaliyyətinin mərkəzinə gətirməyi hədəfləyir". Nazir müavini vurğulayıb ki, hədəflərlə onların icrası arasındakı əsas boşluq maliyyəyə çıxışla bağlıdır: "Ötən həftə İstanbul İqlim Maliyyəsi Sammitində qlobal iqlim maliyyəsinə illik ehtiyacın 7.5-9 trilyon dollar, mövcud maliyyə axınının isə təxminən 1.9 trilyon dollar olduğu bir daha vurğulandı. İqlim İcra Körpüsünü məhz bu boşluğu aradan qaldırmaq üçün yaradırıq. Bu, yeni fond deyil. Ölkələrin iqlim və inkişaf prioritetlərini maliyyələşməyə hazır layihə portfellərinə çevirən, ölkəyönümlü icra dəstəyi mexanizmi kimi hazırlanıb. COP31-də hər tematik istiqamət üzrə nazirlər səviyyəsində dialoqlar, biznes forumları və birgə elanlar keçiriləcək. Dekabrın 19-u isə türkcədə "imece" adlandırdığımız birgə əməkdaşlıq mədəniyyətinə həsr olunacaq". O əlavə edib ki, Bakıdan Antalyaya uzanan yol yalnız iki qardaş ölkənin deyil, bütün tərəflərin ümumi istiqamətidir: "Bu həftə burada fikirləri sınaqdan keçirmək, tərəfdaşlıqları inkişaf etdirmək və Antalyaya daşınacaq investisiyaya hazır həlləri müəyyənləşdirmək üçün bir araya gəlmişik. Bu həftənin nəticələrini və təkliflərini birbaşa COP31 Fəaliyyət Gündəliyinə daşıyacağıq. İqlim fəaliyyətini birlikdə sürətləndirməyə çağırıram. Türkiyə ilə Azərbaycan arasında COP29-dan COP31-ə uzanan bu körpüdə əməkdaşlığın daha da güclənəcəyinə ürəkdən inanırıq. İqlim diplomatiyasının ürəyi noyabrda Antalyada döyünəcək".
Mənbə
oxu.az
Oxşar Xəbərlər